Aylıq gəlirimizin 1200-ə çatdığı deyilir – Əslində nə qədər qazanırıq?

 

Bakıda orta aylıq əməkhaqqı 1200 manata yaxınlaşıb.

Bakı Şəhər Statistika İdarəsinin məlumatına görə, 2023-cü ilin yanvar-iyul aylarında Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1179.8 manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 10.1 faiz artıqdır.

Qeyd edək ki, Azərbaycanda minimum əməkhaqqı 345 manatdır.

Orta aylıq əməkhaqqı anlayışı belə bir təəssürat yaradır ki, sanki indi daha çox maaş ödənilir. Maraqlıdır, orta aylıq əməkhaqqını gəlirləri əks etdirən dəqiq göstərici hesab etmək olarmı?

İqtisadçı Rəşad Həsənov bildirib ki, orta aylıq əməkhaqqının çox bəsit hesablanma üsulu var.

İqtisadçı deyir ki, bağlanan bütün əmək müqavilələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Məşğulluq altsistemində yerləşdirilib: “Buradan götürülən rəqəmləri həmin insanların sayına bölməklə orta göstəricini müəyyən etmək olur. Amma orta göstərici real vəziyyəti tam olaraq əks etdirmir. Yaxşı olar ki, əməkhaqqılarının səviyyəsi median göstərici, əlavə olaraq da desillər və krintillər üzrə də açıqlansın. Bu, vəziyyətin müəyyən edilməsində daha dəqiq göstərici olar.

Median göstəricidə kiçikdən böyüyə doğru düzülmüş sırada ortada olan rəqəm əsas götürülür. Yəni muzdla çalışanların 50-ci faizinin aldığı orta aylıq əməkhaqqı göstərilir. Məsələn, biz orta aylıq əməkhaqqını toplayaraq onların sayına bölüb müəyyən ediriksə, burada vəziyyət fərqlidir. Tutaq ki, 1 milyon 701 min insan muzdla çalışır. Median göstərici 850 min birinci insanın necə əməkhaqqı aldığını göstərir. Buradan əhalinin 50 faizinin hansı səviyyədən aşağı əməkhaqqı aldığını görə bilirik. Amma orta aylıq əməkhaqqı göstəricisi bizə bunu göstərmir. Bu da müəyyən qədər məlumatın deformasiya olunmasına, keyfiyyətsizləşməsinə və təhlillərin aparılması imkanlarını məhdudlaşdırılmasına gətirib çıxarır. Amma median göstərici yoxsulluq səviyyəsini ölçmək və vəziyyəti qiymətləndirmək üçün müəyyən mesajlar verə bilir. Yəni ölkə üzrə əməkhaqqıda ən çox müşahidə edilən rəqəmi göstərir. Məsələn, 600 manat. Bu da fərqli istiqamətlərdə müəyyən qədər qiymətləndirmə aparma imkanlarını təkmilləşdirir”.

Analitik muzdla çalışanların əhaliyə münasibətdə gəlirlərinin qruplaşdırılmasının aparılmasını təklif edir: “Yaxşı olar ki, 10, 20 faizlər və profillər üzrə qruplaşdırılma aparılsın. Biz muzdla çalışanlara münasibətdə 10 və 20 faizlik aralıq kəsirlərində hansı əməkhaqqının alınmasını müəyyən edərək daha dərinləşmiş nəticələrə gedib çıxa bilərik. Beləliklə əhalinin neçə faizinin hansı səviyyədə yaşadığını və yaxud da ehtiyac meyarının üzərində nə qədər gəlir əldə etdiyi kimi göstəricilərin təhlilini apara bilərik”.

Rəşad Həsənov Bakı şəhəri üzrə orta aylıq əməkhaqqının artmasına təsir edən səbəblərə də toxunub: “Neft və maliyyə kimi bəzi sektorlar var ki, onlar əsasən Bakıda cəmləşib. Burada əməkhaqqı ölkə üzrə orta göstərici ilə müqayisədə dəfələrlə artıqdır. Bu da orta rəqəmləri dəyişir.

Azərbaycanda orta aylıq əməkhaqqının nominal göstəricilərinin artmasını şərtləndirən faktorlardan biri də 2021-ci ildən etibarən icra olunur. Belə ki, dövlət qulluğunda və digər sahələrdə maaşlar 2.1 dəfə artırıldı, həmçinin “paket”lər əməkhaqqılarına transfer edildi. Hansı ki, əvvəllər “paket”lər uçotlarda əks olunmurdu. Bu kimi məsələlər orta aylıq əməkhaqqının göstəricinə təsir edib.

Ötən illə müqayisədə Bakı şəhəri üzrə 10.1 faiz orta aylıq əməkhaqqının artımı əhalinin alıcılıq gücünün inflyasiyanın dinamikasına uyğun olmadığını ortaya çıxarır. Çünki ölkə üzrə qiymət artımı 12 faiz ətrafındadır.

Burada digər bir məsələ də var, ölkə üzrə açıqlanan göstəriciyə görə, orta aylıq əməkhaqqı 11,3 faiz artıb. Doğrudur, burada cüzi fərqlə göstərici açıqlanıb, amma müqayisə aparmış olsaq görərik ki, Bakı şəhəri ölkə üzrə göstəricidən nisbətən geri qalır və inflyasiya özünü sərt şəkildə əsasən paytaxta göstərir. Çünki tələbin mərkəzləşdiyi bölgə olaraq şəhərdə qiymət artımları regionlarla müqayisədə daha böyükdür. Ona görə də biz iddia edə bilərik ki, Bakı şəhərində inflyasiya səviyyəsi də ölkə üzrə inflyasiyadan yuxarıdır. Təəssüf ki, hələlik əhalinin gəlirlərini artımı qiymət artımından geridə qalır. Dolayısilə bu hal əhalinin alıcılıq qabiliyyətinə mənfi təsir göstərir. Nəticədə əhali əvvəlki ilin eyni dövrü ilə müqayisədə yoxsullaşır”.

Orta aylıq əməkhaqqı artıbsa, əməkhaqqından dövlət büdcəsinə tutulan gəlir vergisi də artmalıdır. Bu istiqamətdə vəziyyət necədir?

Rəşad Həsənov gəlir vergisi yığımlarında paradoksal vəziyyətin olduğu qənaətindədir: “Özəl sektorda çalışan və 8 min manatdan aşağı aylıq gəliri olan şəxslərə gəlir vergisi tətbiq olunmur. Bu, ölkə üçün kifayət qədər normal göstəricidir. Çünki orta aylıq əməkhaqqının Bakı şəhərində 1200 manat olmasından danışırıq. Bundan bir neçə dəfə artıq səviyyədə əməkhaqqı vergidən azaddır.

Dövlət və neft sektorunda isə gəlir vergisi 14 faiz səviyyəsində tutulur. Maraqlısı odur ki, ölkədə proqressiv deyil, reqressiv vergiləndirməyə üstünlük verilir. Yəni, sosial islahatların müdafiəsi dəstəklənmir. Məsələn, dövlət və neft sektorunda muzdlu çalışanların maaşının 2500 manatına ayrı vergi tətbiq olunur, 2500-dən yuxarı hissəsinə isə daha az vergi tətbiq olunur. Amma proqressiv modellərdə daha çox qazanana daha yüksək vergi tətbiq edilməsi təcrübəsi geniş yayılıb. Azərbaycanda isə əksinədir, daha çox qazanana daha az vergi tətbiq edilir. Düşünürəm ki, gələcəkdə bu yanaşmanın təkmilləşdirilməsinə ehtiyac var. Bu yanaşma vergilərdən və digər fiskal öhdəliklərdən sonra əhalinin yerdə qalan real gəlirləri arasında natarazlığın müəyyən qədər azaldılmasına kömək edə bilər”./teleqraf.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password