Britaniyadan Çinə uzanan dəhliz – Zəngəzurdan kim nə qazanacaq?

 

Zəngəzur dəhlizinin açılması ilə ticarət həcminin artması, xərclərin isə azalması regionun bütün ölkələrinin iqtisadiyyatına ciddi töhfə verəcək. Mütəxəssislər Zəngəzur dəhlizinin yaradacağı sərbəst hərəkətin regional ölkələrə milyardlarla dollar gətirəcəyini deyirlər.

Britaniyadan Çinə uzanan yeni bir ticarət yolunun bir hissəsi olan Zəngəzur dəhlizi regionla yanaşı, bu xətdə və bundan kənarda yerləşən digər iqtisadiyyatlara da önəmli töhfə verəcək.

Türkiyə, Azərbaycan, Rusiya, İran, Ermənistan, Gürcüstan və Orta Asiyanın türk cümhuriyyətləri Zəngəzur dəhlizinin yaradacağı sərbəst hərəkət imkanları ilə öz iqtisadiyyatlarına milyardlarla dollar vəsait təmin edəcəklər. Çinlə Avropa Birliyi arasında illik 700 milyard dollarlıq ticarətə alternativ logistika dəhlizi olacaq Zəngəzur təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütün region ölkələri və dünya ticarəti üçün yeni iqtisadi və kommersiya imkanları yaradacaq.

Türkiyəli ekspert Nizamülmülk Günəş “Yeni Şafak” qəzetinə açıqlamasında dəhlizin region və dünya iqtisadiyyatı üçün önəminə diqqət çəkib:

“Region tranzit logistikaya çevrildikcə, Azərbaycanın bütün qonşuları, o cümlədən İran, Gürcüstan və Ermənistan artan ticarətdən öz paylarını alacaq, artan rifah region ölkələri arasında bölüşdürüləcək. Zəngəzurun açılması bütün region ölkələrinin bir-biri ilə və digər coğrafiyalarla əlaqəsini asanlaşdıracaq, ticarət və logistika əlaqələrinin güclənməsi ilə rifahın artmasına paralel olaraq, gərginlik də yerini yeni işgüzar əlaqələrə verəcək”.

Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) Logistik Əməkdaşlıq Şurasının sədri Ayşəm Ulusoy isə belə deyib:

“Zəngəzur Orta Dəhlizin yük həcminə töhfə verəcək və Şərq-Qərb oxunda ticarəti asanlaşdıracaq.

Türkiyədən yüklər nəqliyyat vasitələrimiz Gürcüstandan keçmədən Rusiya və bütün Orta Asiyaya daşına biləcək. Dəhliz təkcə Azərbaycanla yox, Yaxın Şərq ölkələri və Orta Asiyadakı türk cümhuriyyətləri ilə ticarətin, buna görə də logistika işlərinin həcminin artmasına töhfə verəcək. Bundan əlavə, dəhliz region ölkələri arasında əməkdaşlığı gücləndirəcək. Nəqliyyat və enerji sahəsində əməkdaşlığın artırılması sayəsində ölkəmizin regiondakı strateji mövqeyi də möhkəmlənəcək”.

Ekspert Özgür Bayram Soylu da Zəngəzur dəhlizinin bölgədə bir çox sektorların canlanmasına töhfə verəcəyini qeyd edib:

“İqtisadi artım üçün kritik sektorlarda, xüsusən də kənd təsərrüfatı, turizm, mədən sənayesi və nəqliyyat xidmətlərində mobillik gətirəcək. Adambaşına düşən milli gəliri 7 min dollar səviyyəsində olan Ermənistan xarici ticarətinin böyük hissəsini Rusiya, Almaniya, Hollandiya, ABŞ və İspaniya kimi Avropa ölkələri ilə edir. Ermənistanın siyasi narahatlıqlarını bir kənara qoyub əməkdaşlıq edə bilməsi iqtisadi rifah baxımından faydalı olacaq. Əks halda, iqtisadi təcrid kölgəsində tarixi kommersiya üstünlüyünü itirmiş olacaq”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password