Yaxın adamı bütün sirlərini açdı – “Əsədin ən çox qorxduğu şəxs…”
“Bəşər Əsəd rejimini reabilitasiya etmək mümkün deyil”.
Bunu Suriyanın keçmiş baş naziri Riyad Hicab deyib.
Hicab BMT-nin müxalifətdən Dəməşqin lehinə güzəştə getməsini istəməsi səbəbilə Suriya Ali Dialoq Komitəsinin baş koordinatoru vəzifəsindən istefa verdiyini açıqlayıb.
“Bu rejim qatildir. Etibarını və legitimliyini itirmiş rejimi reabilitasiya etmək mümkün deyil”, – sabiq baş nazir qeyd edib.
Onun sözlərinə görə, Bəşər Əsəd hakimiyyətdə olduğu müddətdə heç bir həll yolu ola bilməz: “İndiki situasiyada Suriyada sabitliyə nail olmaq mümkün deyil”.
Hicab Moskvaın Rusiya-Ukrayna müharibəsi səbəbiylə Suriyadakı hərbi varlığını azaltmaq məcburiyyətində qaldığını, digər tərəfdən də İsrailin İranın dəstəklədiyi terrorçu qruplaşmaları hədəfə almasının Suriyada dəyişikliyə zəmin yaratdığını iddia edir.
Sabiq nazir 2012-ci ildə baş nazir olduqdan bir neçə gün sonra Deyr əz-Zor vilayətinin bombalandığını xatırladıb:
“Müdafiə naziri və Baş Qərargah rəisinin bu bombardmandan xəbəri yox idi. O zaman sahə komandirlərinə əmrlər saraydan verilirdi. Bombardman təlimatı Bəşər Əsədin məlumatı daxilində idi”.
Hicab 2012-ci ilin iyulunda Əsədin qaynı Asəf Şövkətin öldüyü “Böhran Hücrəsi” partlayışında Dəməşq rəhbərliyinin böyük rol oynadığını da söyləyib:
“Mahir (qardaşı) və Bəşər ən çox qaynının xəyanətindən qorxurdu. Partlayışın ən böyük məqsədi onu məhv etməkdi”.
2012-ci il iyulun 18-də Dəməşqdə Milli Təhlükəsizlik Təşkilatının binasında güclü partlayış baş verib. Partlayışda Suriyadakı daxili savaşa nəzarət üçün yaradılmış “Böhran Hücrəsi”nin toplantısı hədəfə alınıb. Hadisədə Asəf Şövkət, o zamankı müdafiə naziri Davud Raça, “Böhran Hücrəsi”nin rəhbəri Həsən Türkümani və Milli Təhlükəsizlik Təşkilatının rəhbəri Hişam Bəhtiyar həyatını itirib.
Partlayışdan sonra zabitlərin Suriya ordusunun sıralarını tərk etməsi sürətlənərkən, Dəməşqin nəzarətindən kənarda qalan yaşayış məntəqələri də güclü bombardmana məruz qalıb.