Zəngilandan ötürülən mesaj – Regionun gələcəyinə hesablanmış addım
Ötən gün Zəngilanda Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimi keçirilib. Dövlətimizin başçısı tədbirdə çıxış edib, bir sıra vacib məqamlara toxunub. Böyük qayıdış proqramından tutmuş 20 sentyabr antiterror tədbirlərinə qədər mühüm mövzulardan bəhs edən prezident 53 ölkədən gələn qonaqların qarşısında çıxış edərkən bildirib ki, elə bu konfransın keçirildiyi konqres zalı dünən açılıb.
Prezident Zəngilan şəhərinə ilk köçün nə vaxta planlaşdırıldığını açıqlayıb, orada görülən işlərdən bəhs edib. O, çıxışında bildirib ki, Ağalı kəndində artıq yeni həyat başlayıb: “Mən onun şahidi oldum ki, oraya qayıdan insanlar öz köklərinə nə dərəcədə bağlıdırlar. Heç zaman öz vətənini görməyən gənc nəsil qayıdıb. Bu, onu nümayiş etdirir ki, Azərbaycan xalqı öz köklərinə necə dərindən bağlıdır. Bütün keçmiş məcburi köçkünlər səbirsizliklə gözləyirdilər ki, bizim torpaqlar azad edilsin və onlar qayıtmaq imkanına malik olsunlar. Onlar bu imkandan 30 il ərzində Ermənistan tərəfindən məhrum edilmişdi. Ancaq üç il əvvəl biz bu işğala son qoyduq” , – o söyləyib.
Forumda İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra təmir-bərpa işləri üçün sərf olunan məbləğ açıqlanıb. Bu məbləğ nə az nə çox düz 7 milyard dollardır. Hələ gələn il üçün minimum büdcə 2,4 milyard nəzərdə tutulub. Burada diqqət çəkən məqam rəqəmlər deyil, Azərbaycanın bunu heç bir maliyyə yardımı almadan, Azərbaycanın bunu öz şəxsi dövlət vəsaiti hesabına həyata keçirməsidir. Özbəkistan və Qazaxıstan bu məsələdə istisna daşıyır. Belə ki, Özbəkistan və Qazaxıstan prezidentləri səxavətli şəkildə Azərbaycana məktəb və incəsənət mərkəzini hədiyyə edib. Özbəkistan Füzulidə məktəb tikib, digəri isə yekunlaşmaq üzrədir.
Ölkə başçası bu bölgələrdə aparılan bərpa-quruculuq işləri ilə yanaşı son günlər baş verən, ölkə gündəmini zəbt edən proseslərlə də bağlı danışıb. İnsanlarımızın erməni işğalından əziyyət çəkdiyini bildirən prezident regionun gələcəyi barədə də fikirlərini bölüşüb. O, bildirib ki, bizə qarşı 30 il ərzində etnik təmizləmə, işğal və ərazilərimizin məhvi həyata keçirilib, bir milyondan çox azərbaycanlı evlərindən didərgin salınıb. Onların 200 mindən çoxu hazırkı Ermənistan ərazisindən deportasiya olunub.
“Şəhərlərimiz, kəndlərimiz darmadağın edilib. Otuz il ərzində işğalçı qüvvələr bizə buraya qayıtmağa imkan vermirdi və beynəlxalq ictimaiyyətin münaqişənin dinc yolla həllinə dair bütün səylərini bloklayırdılar. Təsəvvür edirsinizmi, 1992-ci ildən 2020-ci ilə qədər danışıqlar aparıldı. Sonsuz, mənasız danışıqlar aparılırdı və onların nəticəsi sıfır idi”, – ölkə başçısı vurğulayıb.
Prezident hazırkı Ermənistan hakimiyyəti ilə bağlı olan ümidlərin şişirdildiyini söyləyib. O bildirib ki, Ermənistan hakimiyyəti istəsəydi, Azərbaycanla sülhə gələrdi. Onların bir neçə dəfə hədlərini aşdıqlarını dilə gətirən ölkə başçısı səbr kasasını daşıran son damlanı da açıqlayıb. Bu məsələyə toxunan prezident nə qədər səbirli olsaq da, o qədər də qətiyyətli olduğumuzu bildirib.
Torpaqlarımızda separatçılığa son qoyulması güclü siyasi iradəmizi nümayiş etdirir. Zəngilanda və eləcə də digər azad edilmiş bölgələrimizdə aparılan bərpa-quruculuq işləri onu göstərir ki, Azərbaycan həm regionda, həm öz ərazisində sülh istəyir. Ölkə başçısı da ötəngünkü çıxışında bu məsələyə toxunub və sülhün mümkünlüyündən danışarkən seçimi Ermənistana buraxıb.
“Ermənistan hökuməti bu baş verənləri düzgün təhlil etsə, sülh əlçatandır. Bu, gələcəklə bağlı bizim baxışımızdır”, – söyləyən prezident fikrini yekunlaşdıraraq Azərbaycanın regionun gələcəyi ilə bağlı mövqeyini bir daha bəyan edib.