Sahibkarlar üçün bank hesablarının açılması qaydası dəyişir

 

Vergi Məcəlləsinə əsasən, 2023-cü il oktyabrın 1-dən vergiödəyicilərinin banklarda və bank fəaliyyətini həyata keçirən digər təşkilatlarda hesablarının açılması prosedurunda müəyyən dəyişikliklər nəzərdə tutulub.

Dövlət Vergi Xidməti xəbər verir ki, yenilikləri şərh edən maliyyə mütəxəssisi Vüqar Mirheydərovun sözlərinə görə, hazırda fərdi sahibkar və hüquqi şəxslər bank hesabı açmaq üçün öncə AVİS sisteminin onlayn kargüzarlıq alt-sistemi vasitəsilə “Banklarda hesabların açılması üçün şəhadətnamə-dublikatın alınması üçün Ərizə” formasını dolduraraq DVX-yə təqdim etməlidirlər. Ərizənin göndərilməsindən 2 gün sonra Dövlət Vergi Xidməti həmin şəhadətnamə-dublikatı ərizədə qeyd olunan bank filialına göndərir və vergiödəyicisi artıq həmin bankın filialına müraciət edərək ərizədə qeyd edilmiş hesabı aça bilər: “Yeri gəlmişkən, vergi orqanı tərəfindən verilmiş şəhadətnamə-dublikat olmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərə hesabın açılmasına görə bank təşkilatı hər açılmış hesaba görə 400 manat məbləğində ciddi maliyyə sanksiyası ilə üzləşə bilər. 2023-cü il oktyabrın 1-dən isə vergiödəyicilərinin şəhadətnamə-dublikat almasına ehtiyac qalmayacaq. Vergiödəyicisi birbaşa banka gəlib hesab açmaq niyyətində olduğunu bildirəcək. Bank vergiödəyicisinin aktiv olub-olmadığını vergi orqanının bazasında yoxladıqdan sonra hesabları açıb onları bir günlük müddətə bloklaşdıracaq (məxaric əməliyyatlarının keçirilməsinə qarşı)”.

V.Mirheydərov qeyd edib ki, açılmış hesab barədə məlumatlar vergi orqanına veriləcək, vergi orqanı isə bir gün ərzində həmin vergiödəyicisinin digər hesablarına qoyulmuş sərəncam olduğu təqdirdə həmin sərəncamı yeni açılmış hesaba da şamil edib o sərəncamı banka göndərəcək. Bank alınan sərəncamı açılmış hesaba tətbiq edərək hesaba qoyulmuş bloku götürəcək.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password