İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) icraçı direktoru xanım Maimuna Mohd Şərifi qəbul edib.
Prezident İlham Əliyev Maimuna Mohd Şərifin ölkəyə səfərindən məmnunluğunu ifadə edib.
Dövlət başçısı İkinci Azərbaycan Milli Şəhərsalma Forumunun keçirilməsinin müsbət addım olduğunu deyib, ötən il Ağdam şəhərində birinci forumun uğurla təşkil edildiyini vurğulayıb. Azərbaycan Prezidenti Zəngilanda keçiriləcək builki forumun gündəliyinin çox zəngin olduğunu bildirib, bu tədbir çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin arxitektura və şəhərsalma üzrə nazirlərinin toplantısının baş tutacağını qeyd edib.
Prezident İlham Əliyev Dünya Məskunlaşma Gününün də Azərbaycanda qeyd ediləcəyinin müsbət addım olduğunu deyib.
Maimuna Mohd Şərif Azərbaycanın təşkilatın fəaliyyətinə göstərdiyi dəstəyi və verdiyi maliyyə yardımlarını müsbət addım kimi qiymətləndirdiyini diqqətə çatdırıb.
Prezident İlham Əliyev Təşkilatın fəaliyyətinin Azərbaycan dövləti tərəfindən bundan sonra da dəstəklənəcəyini qeyd edib.
UN-HABITAT tərəfindən “ağıllı şəhər” konsepsiyasının müxtəlif aspektləri üzrə görülən işlər barədə məlumat verən qonaq ölkənin Dünya Məskunlaşma Günü ilə bağlı keçiriləcək tədbirə ev sahibliyi etməsinə görə minnətdarlığını bildirib. O, Zəngilanda keçiriləcək İkinci Azərbaycan Milli Şəhərsalma Forumunun əhəmiyyətinə toxunub, bu tədbirin urbanizasiya ilə bağlı dünyada gedən proseslərin müzakirəsi üçün yaxşı imkan yaratdığını deyib. Bu yaxınlarda Nyu-Yorkda Dayanıqlı İnkişaf Məqsədləri sammitində iştirakına toxunan Maimuna Mohd Şərif həmin tədbirdə iqlim dəyişikliyi və urbanizasiya məsələləri ilə bağlı geniş fikir mübadiləsinin aparıldığını və bu mövzuların Azərbaycanda həyata keçirilən işlərlə də sıx bağlı olduğunu vurğulayıb.
İqlim dəyişikliyi və urbanizasiyanın Azərbaycan üçün çox mühüm məsələlər olduğunu bildirən dövlət başçısı BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunun ölkəmizə keçənilki səfərindən ötən müddət ərzində işğaldan azad edilmiş torpaqlarımızda genişmiqyaslı yenidənqurma işlərinin həyata keçirildiyini bildirib. Keçmiş məcburi köçkünlərin artıq 2 şəhər və 3 kəndə yerləşdirildiyini və bu prosesin davam etdirildiyini vurğulayan Prezident İlham Əliyev Maimuna Mohd Şərifin ölkəmizə səfəri zamanı bu sahədə gedən işlərlə yaxından tanış olacağına ümidvarlığını ifadə edib.
İqlim dəyişikliyi məsələsinə toxunan Azərbaycan Prezidenti bərpaolunan enerji sahəsində ölkəmizdə görülən işlərin də bu məsələyə töhfə verdiyini vurğulayıb, işğaldan azad edilmiş ərazilərimizdə 500 meqavata yaxın günəş və külək enerjisinin istehsalı ilə bağlı 2 layihənin icra olunduğunu bildirib.