ABŞ gedişi niyə dəyişdi? – Ermənistana “qəfil” artan marağın səbəbi

 

ABŞ və Ermənistan arasındakı intensiv gəlişmələrin yeni trend olduğunu yalnız hadisələrin axarını izləməyənlər iddia edə bilər. Ermənistan müstəqillik əldə etdikdən sonra daim ABŞ-ın diqqət mərkəzində olub və bunu görmək bir o qədər də çətin deyil.

Bunu politoloq Ərəstun Oruclu deyib.

Ekspert xatırladıb ki, Ermənistanın hələ SSRİ dönəmində Azərbaycan torpaqlarına iddia etməsi Vaşinqton tərəfindən nəinki neqativ qarşılanmamış, əksinə, ABŞ müstəqilliyini əldə etməyə macal tapmadan ərazi iddialarına məruz qalan Azərbaycana qarşı faktiki sanksiya da tətbiq etmişdi:

“NATO üzrə ABŞ-ın mühüm müttəfiqi olan Türkiyənin onilliklər boyu “erməni soyqırımı”nın tanınması ilə təhdid olunması və sonda da qondarma iddianının tanınması amilini götürmək olar. Nəhayət, Gürcüstan, Moldova və Ukraynadakı separatizmə münasibətdə “ərazi bütövlüyü”nü önə çəkən Vaşinqton erməni separatizminə gəldikdə “xalqların öz müqəddaratını təyin etmək” prinsipini unutmadı. Çox misallar gətirmək olar, amma bir faktı da əlavə etməklə kifayətlənmək olar: erməni mənbələrinə istinadla verilən rəqəmlərdən aydın olur ki, ABŞ-ın İrəvandakı səfirliyi diplomatik heyətin sayına görə bu ölkənin İraqdan sonra dünyada ikinci böyük diplomatik missiyasıdır.

Elə həmin mənbələr iddia edirlər ki, Ermənistandakı ABŞ diplomatlarının sayı 2 000 – 2 500 nəfərə çatır. Özü də əhalisinin sayı 3 milyondan da az olan bir ölkədə. Belə şeylər təsadüfən olmur, ola da bilməz, çünki diplomatik korpus saxlamaq olduqca bahalı işdir.

Təsəvvür edin ki, SSRİ dağıldıqdan cəmi bir il sonra (24 oktyabr 1992) ABŞ Konqresində yeni müstəqil dövlətlərin demokratik və iqtisadi inkişafına yardım məqsədilə qəbul olunan və “Azadlığı Müdafiə Aktı” adlanan qanun 12 postsovet ölkədən yalnız birinə – Azərbaycana dövlət yardımını qadağan edir. Yəqin ki, Ermənistanın torpaq tələbinə müsbət cavab vermədiyinə görə. Amma bütün bunlara baxmayaraq, ədalət naminə onu da qeyd etmək lazımdır ki, həmin qadağaya baxmayaraq ABŞ-la Azərbaycan arasında əlaqələr daim çoxşaxəli və dinamik olub.

ABŞ-ın milli maraqları tələb etdikdə Vaşinqton hər zaman belə davranır. Məsələn, 907-ci düzəlişin yanından, altından və ya üstündən keçən çoxlu yollar tapılır”.

 

Ərəstun Oruclu hesab edir ki, bütün olanları dramatikləşdirməyə ehtiyac yoxdur:

ABŞ-Ermənistan münasibətlərindəki bugünkü coşquya gəlincə, yuxarıda qeyd etdiyim kimi, heç onlar da bugünkü deyil, sadəcə bu gün özünün kulminasiya nöqtəsinə və ya suların durumlması mərhələsinə çatır. Elə həmin səbəbdən də təbii sual meydana çıxır ki, əcəba, Vaşinqton İrəvanın nəyinə və harasına aşiq olub ki, tarixin keşməkeşli hadisələrlə dolu bir dönəmində “atları dəyişməyə” qərar verir? Doğrudanmı ABŞ esteblişmenti Ermənistan vasitəsilə Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq istəyir? Yox, bunun mümkünlüyünü düşünməmək üçün heç siyasətçi olmağa da ehtiyac yoxdur.

Bəlkə ABŞ-da düşünürlər ki, Ermənistan üzərindən bölgə ölkələrinin siyasətinə təsir etmək, onların arzu olunan istiqamətə yönəltmək mümkün olacaq? Xeyr, ABŞ siyasətçiləri bu qədər sadəlövh deyillər, siyasəti planlaşdıran beyin mərkəzləri haqda isə heç söhbət də gedə bilməz. Əlbəttə, Vaşinqton özünün Ermənistan siyasətinin konturlarını çoxdan cızıb – böyük heyəti olan səfirliyini açanda. Amma həmin siyasətin aktiv elementlərini yalnız 2018-ci ildən etibarən reallaşdırmağa başlayıb. Adsız doğulub beləcə də adsız qalmış inqilab Nikol Paşinyanı hakimiyyətə gətirəndən sonra. Bir qədər də dəqiqləşdirsək, 2021-ci ildən. Başqa sözlə desək, bölgədəki geosiyasi durumu əsaslı şəkildə dəyişən 44 günlük müharibədən sonra. ABŞ-ın hazırda Cənubi Qafqazda atdığı addımlar heç də spontan deyil”.

Politoloq qeyd edib ki, ölkənin siyasətində spontan addımlar ümumiyyətlə atılmır:

“ABŞ-ın özü və onun siyasəti bünövrədən belə qurulub. Sadəcə indiki halda müharibəni uduzmuş, üzərindəki “Dağlıq Qarabağ” adlı ağır yükü atmış və 200 illik “əbədi himayədar”ını itirmiş Ermənistan Cənubi Qafqaza gətirən ən optimal yola çevrilib. ABŞ siyasəti isə bundan yararlanmaya bilməz. Amma bir məqam da var ki, istər coğrafi mövqeyi, istər təbii, istərsə də insan resursları baxımından Ermənistan bölgədə vəziyyəti diktə edən tərəfə çevrilə bilməz. Vaşinqton mətbəxlərində də belə məsələləri hamıdan yaxşı anlayırlar.

ABŞ-Ermənistan münasibətlərində bu gün baş verənlər aysberqin görünən çox kiçik bir hissəsidir. Aysberqin kiçik bir hissəsi görünürsə, demək, onun özü də var. Onu tapmaq üçün isə ABŞ-ın Cənubi Qafqaz siyasətinin mümkün məqsəd və prioritetlərini nəzərdən keçirməliyik”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password