Şahmar Ələkbərovun xatirə gecəsi keçirildi
Bu gün Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyinin, Azərbaycan Kino Agentliyinin və Dövlət Film Fondunun təşkilati dəstəyi ilə Xalq artisti Şahmar Ələkbərovun 80 illik yubileyinə həsr edilmiş xatirə gecəsi keçirilib.
Tədbirdə Şahmar Ələkbərovun iştirak etdiyi filmlərdən kadrlar nümayiş olunub, incəsənət xadimləri onunla bağlı xatirələrini bölüşüblər.
Əməkdar incəsənət xadimləri Cəmil Quliyev Şahmar Ələkbərovun Azərbaycan kinematoqrafiyasının inkişafında müstəsna xidmətləri olduğunu bildirib.
Tədbirdə çıxış edən Azərbaycanın Xalq artistləri Şəfiqə Məmmədova, Vaqif Mustafayev, Tariyel Qasımov, Əbdül Mahmudov, Həmidə Ömərova, Fəxrəddin Manafov, Əməkdar artist Loğman Kərimov və Əməkdar incəsənət xadimi Ayaz Salayev Şahmar Ələkbərovla bağlı xatirələrini bölüşüblər.
Aktyorun ömür və sənət yolunun, yaradıcılığının maraqlı məqamlarından, Azərbaycan mədəniyyətində, kino sənəti tarixində yerindən, aktyorluq, rejissorluq fəaliyyətindən bəhs edilib, ömür yoluna bir daha nəzər salınıb. Bildirilib ki, Şahmar Ələkbərov aktyor və rejissor kimi hər zaman işinə məsuliyyətlə yanaşıb. O, vətənpərvərlik ruhu ilə yaşayan, ölkə kinosuna yeni nəfəs verən bir şəxs olub.
Xatirə gecəsində həmçinin Xalq artisti Mənsum İbrahimov və Əməkdar artist Ceyla Seyidova öz ifaları ilə çıxış ediblər.