Qənirə Paşayeva komaya düşdü: Həmkarları Mərkəzi Klinikaya gəldilər
Millət vəkili Qənirə Paşayeva komaya düşüb.
RTV-nin məlumatına görə, millət vəkili dərhal xəstəxanaya yerləşdirilib.
Millət vəkilinin yaxınları faktı təsdiqləyib. Lakin onun səhhəti barəsində heç bir məlumat əldə etmək mümkün olmayıb.
Qeyd edək ki, Qənirə Paşayeva 1975-ci il martın 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub. Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib. Azərbaycan Respublikası III, IV, V və VI çağırış Milli Məclisinin deputatıdır. Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.
Mərkəzi Klinikanın baş həkimi Kamran Musayev isə millət vəkilinin səhhəti ilə bağlı danışarkən bildirib ki, bütün ixtisas həkimləri müalicə işinə cəlb olunub:
“Əlimizdə mövcud olan bütün tibbi imkanların hamısından istifadə olunur. Qənirə xanımın müalicəsi üçün Türkiyədə olan həmkarlarımızla daimi əlaqədəyik və konsultasiyalar aparırıq. Müalicə davam edir. Qeyd edim ki, Qənirə xanımın vəziyyəti hazırda çox ağırdır”.
Qeyd edək ki, deputat sentyabrın 23-də səhər saatlarında ağır şok vəziyyətində Mərkəzi Klinikanın təcili yardım şöbəsinə müraciət edib.
“Dünən səhər saatlarında Qənirə xanım Mərkəzi Klinikanın təcili yardım şöbəsinə müraciət edib. Gəldiyi zaman vəziyyəti ağır şok vəziyyətində idi. Huşu aydın deyildi”.