Lavrovdan şok: Ukraynanın ərazi bütövlüyünü tanıyırıq, bu şərtlə
Rusiya Kiyevin Müstəqillik Bəyannaməsində təsbit olunmuş bütün vədlərinin yerinə yetirilməsi şəraitində Ukraynanın ərazi bütövlüyünə hörmətlə yanaşır.
Axar.az xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 78-ci sessiyasında işin yekunlarına dair mətbuat konfransında deyib.
“Əlbəttə, hələ 1991-ci ildə biz Ukraynanın Sovet İttifaqından çıxarkən qəbul etdiyi Müstəqillik Bəyannaməsi əsasında Ukraynanın suverenliyini tanımışdıq. Bəyannamədə çoxlu yaxşı şeylər var, o cümlədən milli azlıqların hüququna hörmətlə yanaşacaqları, rus dilinin və digər dillərin hüquqlarına hörmət edəcəkləri – orada rus dili birbaşa qeyd olunur. Sonra bütün bunlar Ukrayna konstitusiyasına daxil edildi”, – nazir bildirib.
“Lakin Müstəqillik Bəyannaməsində bizim üçün əsas məqamlardan biri Ukraynanın bloklara qoşulmayan ölkə olması və heç bir hərbi ittifaqa girməyəcəyi idi”, – Lavrov əlavə edib.
Bununla bağlı Lavrov BMT Nizamnaməsi əsasında suveren dövlətlər arasında münasibətlərin prinsipləri haqqında Bəyannaməni xatırladıb:
“Və burada suverenlik və ərazi bütövlüyü haqqında deyilir – hər kəs xalqların öz müqəddəratını təyinetmə prinsipinə hörmət edən və buna görə müəyyən bir ərazidə yaşayan bütün əhalini təmsil edən ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə borcludur. Yəni hörmət görmək üçün öz əhalisinə hörmət etməlisən”.
“Bizim Ukraynanın ərazi bütövlüyü ilə bağlı heç bir problemimiz yoxdur, onu dövlət çevrilişini həyata keçirənlər və dəstəkləyənlər dağıdıblar, onların liderləri öz xalqlarına qarşı müharibə elan edib, öz xalqlarını bombalamağa başlayıblar”, – deyə rusiyalı nazir yekunlaşdırıb.