Koronanın yeni ştammı: Qapanmalar olacaq? – Professor danışdı
Son məlumatlara görə “Eris” virusu daha çox yoluxdurucudur. Avqustun ikinci yarısında xəstələnmə sayı kifayət qədər artıb. Bu gün iki variant daha aktualdır. Amerika, İngiltərə, İrlandiya kimi ölkələrdə qeydə alınıb. Azərbaycanda da bu hallar var. Amma bunun təsdiq olunmuş hansı variant olması bizə məlum deyil. Genetik analiz aparmaq imkanlarımız daxilində deyil.
Bunu açıqlamasında Azərbaycan Tibb Universitetinin Pulmonologiya kafedrasının müdiri, professor Əlizamin Sadıqov deyib.
Onun sözlərinə görə, hazırda hospitallarda yüklənmə yoxdur: “Ola bilər ölüm halları tək-tək müşahidə olunsun, bu istisna deyil. Vaksin olunmayan, COVID keçirməyən insanlarda müşahidə oluna bilər. Çünki orqanizmin immun sisteminin tanışlığı yoxdursa, mümkün ağır nəticələr ola bilər. Amerikada tövsiyə edirlər ki, 80 yaşından yuxarı bütün insanlar COVID-ə qarşı vaksin olunsun. Çünki bu insanların immun sistemi həddən artıq zəifdir, bu səbəbdən yanaşı xəstəlikləri kifayət qədər çoxdur”.
Yenidən pandemiya elan edilməsi, qapanmaların mümkün olub-olmamasına gəlincə, professor qeyd edib ki, bu barədə dəqiq bir söz demək olmur:
“Bu gün bu xəstəliklərlə təsdiq olunmur ki, sərt karantin qaydalarının tətbiqinə, pandemiyaya səbəb olacaq, yoxsa yox. Belə bir məlumat yoxdur. Əsas mənbə olan Ümumdünya Səhiyyə Təşkilatı bir anons verməyib ki, nə gözlənilir. Ola bilər payızda bir az artım olsun. Amma insanlarımız özünü rahat hiss edə bilər ki, bu xəstəlik əvvəlkilər qədər aktual olmayacaq. Yəni COVID-19 artıq insanlar, dünya üçün təhlükəli deyil. Digər viruslar kimi bu infeksiya da ötüb keçəcək. Bu xəstəlikdə zaman məhdudiyyəti yoxdur”.
Onun sözlərinə görə, əgər bu xəstəliyin artımı baş verərsə, maskaların taxılması aktual olacaq: “Amma kəskin karantinin olmasını gözləmirəm. Vaksinasiya mütləq qaydada vacibdir. Yoluxmalar artarsa, iş yerlərində, dayanacaqlarda, ictimai nəqliyyatda maskaların taxılması qaydası tətbiq edilə bilər”./teleqraf.com