“Ermənistanın qanunsuz silahlı birləşmələrinin Qarabağda olması ən böyük təxribatdır” – Metyu Brayza

 

“Ermənistanın qanunsuz silahlı birləşmələrinin Qarabağda olması ən böyük təxribatdır”.

Bunu ABŞ-nin Azərbaycandakı keçmiş səfiri Metyu Brayza Azərbaycan ordusunun Qarabağda başlatdığı lokal antiterror tədbirlərini şərh edərkən deyib.

“Diplomatik karyeramda öyrəndiyim mühüm dərslərdən biri odur ki, atışma, hərbi qarşıdurmalarla bağlı ilkin xəbərlər ortaya çıxanda çox vaxt onlarda çoxlu qeyri-dəqiqliklər olur. Ona görə də indi şərhlərlə diqqətli olmaq istəyirəm. Amma müəyyən faktlar var ki, onlar göz qabağındadır. Bir nömrəli fakt ondan ibarətdir ki, Azərbaycan hökuməti, Müdafiə Nazirliyi Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan silahlı qüvvələrinə lokal və dəqiq zərbələr endirmək niyyətindən bəhs edən bəyanat yayıb. Təbii ki, Azərbaycanın öz ərazisini xarici hərbi qüvvədən müdafiə etmək hüququ var. Bundan əlavə, Azərbaycan hökuməti bəyan edib ki, mülki şəxslərə, mən etnik erməniləri nəzərdə tuturam, erməni əsgərlərinin yerləşdiyi əraziləri təhlükəsiz tərk etmək imkanı yaradılacaq. Ehtimal olunur ki, hadisələrdən sonra onlar sərbəst şəkildə öz evlərinə qayıda biləcəklər. Bu, çox mühüm amildir. Azərbaycan hökuməti hələ də Qarabağda olan etnik erməniləri ərzaqla təmin etmək niyyətini bir daha təsdiqləyib. Azərbaycanın öz ərazisini, öz xalqını müdafiə etmək hüququ var. Ən böyük təxribat Ermənistan tərəfdəndir, o da ondan ibarətdir ki, onun silahlı qüvvələri hələ də Azərbaycan ərazisində, Qarabağda yerləşir. Onlar beynəlxalq hüquq normalarına uyğun olaraq 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən Qarabağı tərk etməli idilər. Bu erməni əsgərləri Qarabağı tərk etməlidirlər və nə qədər tez getsələr, hərbi toqquşmalar bir o qədər az olar”, – deyə Brayza bildirib.

O, eyni zamanda Azərbaycanın Ermənistan və İrəvana rəğbət bəsləyənlərin kəskin tənqidinə məruz qalacağını bildirib.

“İkinci Qarabağ müharibəsi zamanı da belə idi. Atəşkəs bəyannaməsi imzalanan gün Fransanın o vaxtkı xarici işlər naziri demişdi ki, əslində Paris müharibədə Azərbaycanı günahlandırır. Azərbaycan əlbəttə ki, tənqidi gözləməlidir, lakin yenə də Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında qeyd olunduğu kimi bu yerli və peşəkar məqsədlərə əməl etsə, düşünürəm ki, dünya təbii ki, Azərbaycanın öz ərazilərində xarici hərbi qüvvələrin təhlükəsini aradan qaldırmaq üçün atdığı addımları görəcək”, – deyə o, yekunlaşdırıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password