Azərbaycan Ordusunun antiterror tədbirləri ilə bağlı birgə brifinq keçirilib
Azərbaycan ərazilərində mövcud olan erməni silahlı qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənd rayonu ərazisində basdırılmış tank əleyhinə minanın partlaması ilə törədilən terror aktı və Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi antiterror tədbirləri ilə bağlı birgə brifinq keçirilib.
Brifinqdə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) mətbuat xidmətinin rəisi Tamerlan Rəhimov, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti İdarəsinin rəisi Elşad Hacıyev, Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat mərkəzinin rəisi Avtandil Abbasov, Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov iştirak ediblər.
Brifinqdə ermənilərin törətdiyi terror aktı ilə bağlı məlumat verilib.
DTX-nin mətbuat xidmətinin rəisi Tamerlan Rəhimov sentyabrın 19-da Xocavənddə baş verən terror aktını xatırladaraq bildirib ki, erməni silahlı birləşmələrinin törətdikləri cinayət işi üzrə birgə istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
DİN-in Mətbuat Xidməti İdarəsinin rəis əvəzi Elşad Hacıyev qeyd edib ki, Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirləri ilə bağlı ölkənin bütün ərazilərində Daxili İşlər Nazirliyinin şəxsi heyəti gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Onun sözlərinə görə, Azərbaycan cəmiyyətində mümkün təxribat, təhdid, hər hansı hüquqazidd hallarla bağlı qəti tədbirlərin görülməsi ilə bağlı Azərbaycan polisinə, Daxili İşlər Nazirliyinə, şəxsi heyətə göstəriş verilib.
Brifinqdə Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov vurğulayıb ki, cinayət törədən şəxslərin şəxsiyyəti müəyyənləşdirilərək məsuliyyətə cəlb olunacaqlar. Onun sözlərinə görə, cinayət işləri ilə bağlı müvafiq qurumların peşəkar əməliyyat istintaq qrupları tərəfindən istintaq aparılır.
DSX-nin Mətbuat mərkəzinin rəisi Avtandil Abbasov isə əlavə edib ki, hazırda dövlət sərhədində bütün istiqamətlər üzrə əməliyyat şəraiti bölmələrimizin tam nəzarətindədir.
“Dövlət sərhədinin müdafiəsi və mühafizəsi üzrə tərəfimizdən zəruri tədbirlər görülür. Baş verə biləcək təxribat əməlləri ilə əlaqədar DSX tərəfindən dərhal adekvat və sərt cavab tədbirləri görüləcək”, – deyə o vurğulayıb.
Qeyd edək ki, sentyabrın 19-u DİN-in əməkdaşlarının olduğu “Kamaz” markalı nəqliyyat vasitəsi həmin gün Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının öldürülməsi ilə nəticələnmiş terror hadisəsinin baş verdiyi yer istiqamətində hərəkət edərkən saat 04:30 radələrində Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək partlamış, törədilmiş terror aktı nəticəsində DİN-in əməkdaşları olan 05.02.1994-cü il təvəllüdlü Camalzadə Asim Knyaz oğlu, 08.07.1987-ci il təvəllüdlü Şirinov Ramil Arif oğlu, 12.07.1991-ci il təvəllüdlü Mahmudov Seymur Elsevər oğlu və 21.07.1998-ci il təvəllüdlü Zamanov Xəzər Azər oğlu hadisə yerində həlak olublar.
Bundan başqa, sentyabrın 19-da saat 01:00 radələrində Füzuli rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi nəticəsində polis serjantları Ələsgər Əsgərov, Seyfi Abdullayev və Elşən Həsənov həyatını itirib.
Həmçinin, mina partlayışı nəticəsində AAYDA-nın 2 əməkdaşı – 21.11.1970-ci il təvəllüdlü Sadıxov Samir Sabiroviç və 02.05.1965-ci il təvəllüdlü Quliyev Fərhad Hüseynağa oğlu həlak olublar.
Xatırladaq ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.
Tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır.