Xaos dərinləşir – Müdafiə naziri və ölkənin baş diplomatı yoxa çıxdı
Çin müdafiə naziri Li Şanfunun əvvəlcə yoxa çıxdığı, daha sonra isə istefaya göndərildiyi xəbəri Qərb ölkələrində geniş müzakirə olunur. Müdafiə naziri sonuncu dəfə avqustun 29-da ictimaiyyət qarşısında göründükdən sonra yoxa çıxıb.
Bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.
Mərkəzin məlumatına görə, 65 yaşlı Li Şanfu Vyetnam və Sinqapurdan olan həmkarları ilə görüşlərdə iştirak etməyib:
“Çin müdafiə naziri sonuncu dəfə Pekində avqustun 29-da Afrika ölkələri ilə təhlükəsizlik forumunda əsas nitqlə çıxış edərkən görünüb. Li Şanfu 5 ildən çoxdur Müdafiə Nazirliyinə başçılıq edib.
“The Wall Street Journal” nəşrinin məlumatına görə, nazir sorğu-sual edildikdən sonra vəzifəsindən uzaqlaşdırılıb. “Financial Times” isə ABŞ rəsmilərinə istinadla Li Şanfunun istintaq altında olduğunu yazır. Qərb nəşrləri sorğu ilə Çin Müdafiə Nazirliyinı müraciət etsələr də, cavab almayıblar.
Çində hansısa nazir bir müddət ictimaiyyət qarşısına çıxmırsa, görüşlərdə iştirak etmirsə, onun başına iş gəldiyi ehtimal olunur. Eynilə Çinin keçmiş xarici işlər naziri Qin Qanq da yoxa çıxmır, görüşlərdə iştirak etmir, təyin olunan görüşlər isə təxirə salınırdı. 57 yaşlı nazirin İndoneziyadakı sammitdə iştirak etməməsi vəzifədən uzaqlaşdırıldığı ehtimalını artırdı. Bir müddət sonra isə yeni təyinat xəbəri gəldi, Vanq Yi yenidən xarici işlər naziri təyin olundu.
Müdafiə nazirinin istintaqa cəlb olunmasıyla bağlı iki versiya var.
Birinci versiyaya görə, Li Şanfu hərbi texnikanın alınmasında korrupsiya hallarına yol verib. Söhbət böyük məbləğlərdən gedir. Çin müdafiə xərclərini ilbəil artırır. Müdafiə naziri ilə bərabər daha 8 yüksək rütbəli hərbçinin istintaqa cəlb olunduğu xəbəri yayılıb. Korrupsiya versiyası təsdiq olunarsa, Li Şanfunu ciddi cəza gözləyəcək. Çində bu ittihamla ölüm cəzasına da məhkum edirlər.
İkinci versiyaya görə, Li Şanfu ölkə lideri Si Cinpinin hərbi ritorikası ilə razılaşmır və Tayvan adasına mümkün hücumun yanlış olduğu qənaətində idi. Məlumdur ki, Cinpin nə yolla olur-olsun Tayvanın ram edilməsini istəyir. O deyib ki, Tayvanı danışıqlar yolu ilə Çinə birləşdirmək istəyir, ancaq bu alınmasa, güc yolu ilə olacaq. Li Şanfu isə güc yolunun Çinə böyük problemlər yaradacağı qənaətində idi. Bununla da liderlə nazir arasında ciddi fikir ayrılığı yaranmışdı.
Beləliklə, Çində qısa zaman ərzində xarici işlər və müdafiə nazirləri məcburi istefaya göndərildi. “Financial Times”ın yazdığı kimi, bu, Çinin hakimiyyət dairələrində xaosun davam etdiyinə işarədir”.