KİV: “Nikol Paşinyan ABŞ-nin köməyi ilə Cənubi Qafqazda gərginliyi artırır”
“Cənubi Qafqazda düşünülmüş, məqsədyönlü və planlı şəkildə gərginlik yaradılır. Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-nin köməyi ilə gərginliyi artırır. Ermənistan ordusu qardaşlarımız Azərbaycana qarşı bədnam hücumlarını sürətləndirir, ABŞ və Ermənistan birgə təlimlər keçirir”.
Bu barədə Tükiyənin “Takvim” qəzeti yazıb.
Məqalədə bildirilib ki, İrəvan Rusiya Prezidenti Vladimir Putinin Ermənistan ərazisinə girəcəyi təqdirdə həbs olunacağını iddia etməklə, kritik həddi keçir. “Bəs, niyə ABŞ Paşinyanı çox təhlükəli istiqamətdə aparır? Vaşinqton Türkiyə Prezidenti Rəcəb Tayyıb Ərdoğanla Putinin birliyinə qısqanclıqla yanaşır və bu ittifaqdan narahatdır. Ərdoğan ABŞ-yə səfərinə başlayarkən İstanbul hava limanında çox vacib açıqlama verdi: “Biz Türkiyə olaraq Qarabağ məsələsində dördtərəfli zirvə görüşünün keçirilməsini təklif etmişik. Putin, Əliyev, mən və Paşinyan dördlük olaraq bir yerdə görüşək”.
Yazıda qeyd olunub ki, hazırda N.Paşinyan ABŞ-Qərblə oynamağa çalışır: “Ərdoğanın təklifi yeni bir yol açılmasıdır. ABŞ NATO qapılarını Ermənistanın üzünə açaraq Rusiyaya təzyiq göstərməyə çalışır. Bəs, Rusiya Paşinyanın ABŞ-la münasibətinə göz yumacaqmı? O, heç vaxt göz yummur”.
Məqalədə xatırladılıb ki, Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və R.T.Ərdoğan 2021-ci il iyunun 15-də Şuşada birgə Bəyannamə imzalayıblar: “Bu çərçivədə Ərdoğan böyük bir addım atdı. Ankara ABŞ-Ermənistan təlimlərinə cavab olaraq sentyabrın 18-30-da birgə “Qafqaz Qartalı” təlimləri keçirəcək. Eyni tarixlərdə Türkiyə və Pakistanın Əbədi Qardaşlıq – II təlimi keçiriləcək”.
Qəzet yazıb ki, 44 günlük Qarabağ müharibəsi həm Azərbaycan-Ermənistan münasibətlərində, həm də Türkiyənin Cənubi Qafqaz siyasətində mühüm dönüş nöqtəsi oldu: “Prezident Ərdoğan Cənubi Qafqazın artan strateji əhəmiyyətini çox yaxşı görərək geosiyasi və geoiqtisadi gedişlər edir. Türkiyə-Azərbaycan ittifaqı Cənubi Qafqazda da mühüm dinamikanı dəyişdirir”.