Taksilərdə qiymət artımı – “birmanatlıq”lara da taksometr quraşdırılacaq?
“Avtomobil nəqliyyatı haqqında” qanunda edilmiş dəyişikliklər oktyabr ayının 1-dən etibarən tətbiq ediləcək. Yeni qaydalara əsasən, Azərbaycanda taksi kimi istifadə olunan avtomobillərə məcburi şəkildə taksometr quraşdırılmalıdır.
Taksilərə bu cür tələblərin qoyulmasının qiymət artımına səbəb olacağı da deyilir. Maraqlıdır, Bakıətrafı qəsəbələrdən mərkəzə hərəkət edən və paytaxt daxilində fəaliyyət göstərən el arasında dediyimiz “1 manatlıq” taksilərin aqibəti necə olacaq?
Bu taksilərə də tariflərin müəyyənləşməsi üçün taksometr quraşdırılacaq?
Məsələ ilə bağlı açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib ki, ölkə ərazisində sərnişindaşıma sisteminin təkmilləşdirilməsi məqsədilə taksi xidməti kompleks şəkildə tədqiq olunub:
“Taksi xidməti sektorunda göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi, bu sahədə mövcud qanunvericilik bazasının günümüzün tələbinə uyğunlaşdırılması məqsədilə mühüm islahatlar həyata keçirilir.
İlk növbədə qanunvericilik bazası təkmilləşdirilir. Bu dəyişikliklər sahəyə dövlət nəzarətini həyata keçirməyə imkan verəcək, vətəndaşlarımız üçün keyfiyyətli taksi xidmətlərinin təqdim olunmasına, sürücülərin isə layiqli iş şəraiti ilə təmin olunmasına gətirib çıxaracaq”.
Qurum rəsmisi qeyd edib ki, taksi minik avtomobilləri ilə daşıma qiyməti tələb və təklif əsasında tərəflərin qarşılıqlı razılığı ilə müəyyən olunur:
“Hazırda qiymət fəaliyyət göstərən taksi operatorları tərəfindən rəqabət şəraitində formalaşır.
“Avtomobil nəqliyyatı haqqında” Qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununda taksi minik avtomobillərində taksometrin quraşdırılması ilə bağlı tələb daha da sadələşdirilib.
Uzun illər qüvvədə olan qanunvericilikdə taksi minik avtomobillərində xüsusi ölçü cihazı kimi yalnız taksometrlərin quraşdırılması tələb kimi əks olunub.
Oktyabrın 1-dən qüvvəyə minəcək dəyişiklik isə taksi sürücüləri üçün əlavə imkan yaradır. Belə ki, taksi minik avtomobillərində taksometr və ya bu cihazın funksiyasını yerinə yetirən proqram təminatı anlayışı qanunvericiliyə daxil edilib.
Yəni məsafəyə uyğun gediş haqqını göstərən proqram təminatından istifadə edən taksi minik avtomobillərində taksometrin quraşdırılmasına ehtiyac yoxdur”.