Ermənistan, yoxsa Ukrayna? – Rusiya seçimini etdi

 

“Azərbaycanla 44 günlük müharibədə nə KTMT, nə də Rusiya Ermənistanın xeyrinə tərəf tutdu. Bunun bir çox səbəbi vardı. Bunlardan ən mühümü Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiyanı narahat edən və onun Qafqazdakı maraqlarına xələl gətirən siyasət yürütməsi idi”.

Bunu Türkiyənin Bandırma Onyedi Eylül Universitetinin professoru, siyasi ekspert İsmayıl Şahin deyib.

Analitik qeyd edib ki, Ermənistan baş naziri Qərblə sıx əlaqələr qurmağın tərəfdarıdır, iqtidara gəldikdən sonra Qərb dövlətləri ilə əməkdaşlığı gücləndirmək meyli Moskvada ciddi narahatlığa səbəb olub:

“Gözdən qaçırılmaması lazım olan digər məqam isə Rusiyanın 2014-cü ildən bəri Ukrayna məsələsi ilə məşğul olmasıydı. Moskva üçün birinci prioritet onun qərb sərhədlərində qarşılaşdığı təhlükəsizlik problemləri idi. Eyni zamanda, hərbi cəhətdən güclənən Azərbaycan və Türkiyənin gec-tez Ermənistanın işğal etdiyi torpaqları geri alacağını proqnozlaşdırıdı. Deyəsən, bu durum Rusiyanı Ukrayna və Ermənistan arasında seçim etməyə məcbur edib.

Rus ordusunun hər iki cəbhədə uğur qazanmaq şansı sıfıra yaxın idi. Ona görə hərbi şərait də Azərbaycanın xeyrinəydi. Moskvanın qərbyönlü “məxməri inqilab” nəticəsində hakimiyyətə gələn Paşinyanla Qərbin bu cür müdaxilələrinə qarşı çıxan Ərdoğan və Əliyev arasında seçim etməliydi. Paşinyan xarici siyasətdəki mövqeyini “nə rusiyapərəstəm, nə qərbpərəstəm, mən ermənipərəstəm” sözləri ilə təqdim etməyə çalışsa da, bu, Moskva üçün etibarsızdır. Bu durumda Rusiyanın regionda yüksələn iki mühüm strateji tərəfdaşı olan Türkiyə və Azərbaycanla münasibətlərini Qərbdə dəstək axtaran Paşinyan başda olmaqla, sədaqəti şübhəli olan Ermənistan naminə riskə atması heç də ağıllı olmazdı.

Ermənistana gəlincə, deyəsən, tarixdən dərs almayıb. Yenidən regional reallığa istinad etmək əvəzinə Qərb güclərinə arxalanaraq tarixin tələsinə düşdü. Halbuki bunu etməkdənsə, real siyasətə uyğun hərəkət edib, işğal etdiyi torpaqlardan dinc yolla çıxıb Rusiya, Türkiyə və Azərbaycan arasında qurulmağa çalışılan əməkdaşlığa qoşula bilərdi. Müharibəni uduzmaq kimi böyük məğlubiyyətin yükünü çiynində daşımaq məcburiyyətində qalmazdı. Paşinyanın İtaliyanın “La Republica” nəşrinə verdiyi müsahibədə Rusiyanı tənqid etməsi, “təhlükəsizlik baxımından Rusiyadan asılılığımız strateji səhv idi” deməsi, bu kontekstdə gec qalmış bir təsbitdir”.

Professor qeyd edib ki, Paşinyan iddia etdiyi kimi sırf ermənipərəstdirsə, onda ölkəsini sürətlə Türkiyə və Azərbaycanla regional əməkdaşlığa yönəltməlidir:

“Ermənistanın maraqları bunu zərurətə çevirib. Bu kontekstdə onun atmalı olduğu ilk addım Ermənistan və Qarabağı birləşdirən Laçın yolu və Zəngəzur dəhlizi ilə bağlı məsələlərin həllinə təhlükəsiz və davamlı töhfə verməkdir.

Paşinyan bunu etmək əvəzinə, Ukrayna ilə məşğul olan Rusiyanı narahat edən strategiyalara üz tutmağa meyllidir. Bu, çox ciddi səhvdir. Çünki Ermənistanın təhlükəsizlik arxitekturasında, silah və sursat təchizatında qeyri-regional ölkələrin funksional dəstəyi çox məhduddur. Bu məsələlərdə Qərb ölkələrinə üz tutmaq Ermənistanı düzəlməsi mümkün olmayan səhvlərə aparacaq. Bunu ilk növbədə Ermənistan çox yaxşı başa düşməlidir.

Ermənistanın Azərbaycana məğlub olmasının səbəbi Rusiya deyil, Rusiya və Qərb dövlətlərinə arxalanan Ermənistanın özüdür. Digər tərəfdən Ermənistan Qarabağ məğlubiyyətindən sonra Rusiya ilə müttəfiqlik əlaqələrini pozmaq üçün addımlar atmağa başladı, Türkiyə və Azərbaycanla əməkdaşlıq əlaqələrini ləngitdi, regionda gərginliyi artıran davranışlarını davam etdirdi, nəhayət, özünün qondarma məsələlərinə ABŞ və Avropa Birliyini cəlb etməyə çalışır, bunlar Ermənistanın yaxın və uzaq tarixdən dərs almadığını göstərir”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password