Putin Ermənistanı şantaj edəcək, Qaribaşvilinin təklifi… – Gürcü ekspert
Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Azərbaycanla Ermənistan arasında Gürcüstanın vasitəçi ola biləcəyi ilə bağlı təklif çox məntiqlidir. Gürcüstan bu münaqişənin sülh yolu ilə həllnə nail ola bilər.
Bunu açıqlamasında gürcü siyasi ekspert Tengiz Txilava deyib.
Onun sözlərinə görə, Ermənistanın münaqişəni davam etdirməsi onu növbəti dəfə məğlubiyyətə sürükləyəcək: “İnanmıram ki, Ermənistan hakimiyyəti bunu başa düşməsin. Azərbaycan Ermənistandan qüdrətli dövlətdir, onun güclü müttəfiqi var. Hər kəs bilir ki, bu, Türkiyədir. Təsəvvür edə bilmirəm ki, hansısa bir ölkə ya Türkiyə, ya Azərbaycan, yaxud hər ikisi ilə eyni anda müharibə aparsın”.
Tengiz Txilava onu da vurğulayıb ki, bütün dünya Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu bilir: “Bunu Rusiya Prezidenti Vladimir Putin və dünyada olan bütün dövlətlər təsdiqləyir. Putin son çıxışında da söylədi ki, Ermənistan Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu tanıyıbsa, onlar heç nə edə bilməzlər. Buna görə də Putinin bu çıxışı onun üçündür ki, Ermənistan üzərində nəzarətini saxlasın, yaxud Paşinyanı əldən buraxmasın”.
Ekspert Paşinyanın Rusiyaya güvənmədiyinə dair fikirlərini də şərh edib:
“Paşinyan düz edib bildirib ki, Rusiyaya güvənmir. Çünki Rusiya Ermənistanın qanuni müttəfiqidir, amma II Qarabağ müharibəsində ona köməklik göstərmədi. Putinin bu münaqişəyə hansı şəkildə qarışacağı hələ bilinmir. Rusiyanın özünün Ukrayna ilə böyük problemləri var. Ona görə də Qarabağ məsələsinə qarışmağı çətindir”.