Hakan Fidan nöqtəni qoydu – “Belə bir dəhliz mümkün deyil”
“Beynəlxalq balansların dəyişdirilməsi ticarət yollarını da rəqabət elementi önə çıxarır. Bu, əslində geosiyasi strategiyada yeni mövqe deyil, öz xüsusiyyətlərinə görə çoxdan unudulmuş praktiki açıq iqtisadi sistemdir, amma son vaxtlar müxtəlif kommunikasiya marşrutlarının önə çəkilməsi geostrateji inanca çevrilib”.
Bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.
Nazir G-20-nin Dehlidə keçirilən sammitində Qərb və bir sıra regional dövlətlər arasında Hindistan-Yaxın Şərq-Avropa dəhlizinin razılaşdırılmasına da diqqət çəkib:
“G-20 sammiti beynəlxalq nəqliyyat dəhlizləri baxımından da bir sıra yeni ideyaların şahidi oldu. Biz üç qitənin qovuşduğu bir nöqtədə əməkdaşlığı təşviq edən istənilən plana açıq olmuşuq. Ancaq bilinməlidir ki, bölgəmizdə Türkiyənin iştirakı olmadan enerji və nəqliyyat dəhlizlərinin effektiv və davamlı olması mümkün deyil. Bu, hər zaman rasional hesablamalarla önə çıxır.
Türk dünyasını Avropaya bağlayan Xəzərdən keçən Orta Dəhlizi və İraqdan keçən İnkişaf Yolu Türkiyənin əlaqə baxımından mərkəzi rolunu ortaya qoyur. Ukrayna müharibəsi və COVID-19 pandemiyası kimi qlobal və geosiyasi mühitə dərindən təsir edən hadisələr Orta Dəhlizin etibarlı alternativ yol olduğunu sübut etdi. Üstəlik, prezidentimiz G-20 toplantısında ümidvar olduğunu bildirdi ki, Yaxın Şərqdə firavanlıq və sabitlik üçün böyük əhəmiyyət kəsb edən İnkişaf Yolu layihəsinin icra mərhələsinə bir neçə ay ərzində keçəcəyik”.