İcbari Tibbi Sığorta Agentliyi 15 milyonluq dərman vasitələrinin satın alınmasını kimə verib

 

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsi “Tibb müəssisələri üçün dərman vasitələri”nin satın alınması üzrə 19.04.2023-cü ildə başladığı açıq tender müsabiqəsinə yekun vurub və 05.09.2023-cü il tarixdə “Referans Pharmaceuticals” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 15.526.795,63 manat məbləğində satınalma müqaviləsi bağladığını dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə açıqlayıb.

Qeyd edək ki, bu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə “Referans Pharmaceuticals” MMC arasında ilk satınalma müqaviləsi deyil. Buna qədər də Dövlət Agentliyi dərman vasitələrinin satın alınması üzrə keçirdiyi tenderlərdə hər il “Referans Pharmaceuticals” MMC-yə on milyonlarla manatdan çox dövlət sifarişi verib. Maraqlıdır, hər il dövlət büdcəsindən on milyonlarla vəsait alan “Referans Pharmaceuticals” MMC kimə məxsusdur?

Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında isə “REFERANS PHARMACEUTICALS” Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri  Lokal Gəlirlər Baş İdarəsində 21.10.2014-cü il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı cəmi 100.00 manat olan MMC-nin hüquqi ünvanının  BAKI ŞƏHƏRİ  NƏSİMİ RAYONU, AK.MİRƏLİ QAŞQAY, ev 76, qanuni təmsilçisinin isə Əliyev Abbas Famil oğlu olduğu göstərilir.

Apardığımız ətraflı araşdırmada məlum oldu ki, MMC 21.10.2014-cü il tarixdə Heydərov İqbal Qəhrəman oğlu tərəfindən təsis edilib. Bəs Heydərov İqbal Qəhrəman oğlu kimdir?

Açıq internet resursları üzərindən apardığımız araşdırmalarda Heydərov İqbal Qəhrəman oğlunun 2018-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutunda Biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi
almaq üçün təqdim edilmiş dissertasiyanın avtoreferatını tapdıq. Lakin çoxlu axtarışlarımıza baxmayaraq Heydərov İqbal Qəhrəman oğlunun hər hansı bir elmi dərəcəsinin olması barədə heç bir məlumat tapa bilmədik. Amma bunları tapdıq.

Elektron media tərəfindən 13 yanvar 2016-ci il tarıxində Baş Prokurorluğun yaydığı məlumatda deyilir ki, “Novo Vita P” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən dərman vasitələrinin qiymətinin süni surətdə artırılması barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş vətəndaş müraciəti əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

Keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi, 150A saylı ünvanda yerləşən “Novo Vita P” MMC tərəfindən ölkəmizə idxal olunan dərman vasitələrinin qiymətinin süni surətdə dəfələrlə artırılması, gömrük bəyannaməsi olmayan dərman vəsitələrinin anbarda saxlanması və qanunsuz satılması müəyyən edilib.

Bundan başqa, cəmiyyətin idxal və satışı ilə məşğul olduğu çoxsaylı dərman vasitələrinin ayrı-ayrı həkimlər tərəfindən xəstələrə yazılması müqabilində sonunculara verilən pul məbləğləri (faizlər) yazılmış jurnallar, reseptlər, qara mühasibatlığın aparılmasına dair kitablar və istintaq üçün əhəmiyyət kəsb edən digər qeydlər aşkar edilərək götürülüb.

“Novo Vita P” MMC-nin icraçı direktoru İqbal Heydərov vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə, özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə dərman vasitələrinin qiymətini süni şəkildə dəfələrlə qaldıraraq vətəndaşların hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmasına şübhələr üçün əsaslar olduğundan Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb, İ.Heydərov şübhəli şəxs qismində saxlanılıb.

Hazırda cinayət işi üzrə təqsirkar şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Baş prokurorluğun 2016-cı ildə yaydığı məlumatlarda İqbal Heydərovun vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə, özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə dərman vasitələrinin qiymətini süni şəkildə dəfələrlə qaldırdığı bildirilir.

Düzdür “Novo Vita P” MMC artıq fəaliyyətini dayandırıb. Amma “Referans Pharmaceuticals” MMC-nin qanuni təmsilçisi Əliyev Abbas Famil oğlu olsa da kim zəmanət verə bilər ki, İqbal Heydərov təsisçilik hüququnu özündə saxlamır və illər əvvəl olduğu kimi, ölkəmizə idxal olunan dərman vasitələrinin qiymətini süni surətdə dəfələrlə artırmır, gömrük bəyannaməsi olmayan dərman vəsitələrinin anbarda saxlamır, qara mühasibatlığın aparılmasına dair kitablar tutmur, “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsin rəsmilərinə “otkat” vermir?

 

Aktualinfo.org

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password