İrəvan “seçki”ni tanımadı: Xankəndidə gərginlik…

 

Xankəndidəki separatçı rejimin “qondarma” seçkiləri heç bir ölkə tərəfindən tanınmadı, eyni zamanda, bütün beynəlxalq mərkəzlər bu “seçkini” pisləyən bəyanatlar verdilər. Lakin separatçıları narahat edən əsas məsələ rəsmi İrəvanın mövqeyidir.

Qondarma “seçki”də separatçıların yeni “başçısı” seçilən Samvel Şahramanyanı Ermənistan rəsmiləri “təbrik” etməyib: nə baş nazir Nikol Paşinyan, nə parlament sədri Alen Simonyan, nə də hər hansı səviyyədəki bir rəsmi şəxs nəinki təbrik ünvanlamayıb, ümumiyyətlə “seçkilərlə” bağlı mövqe açıqlamayıb;

Bu, Ermənistan işğalçılıq siyasətinin əks olunduğu son 30 illik tarixində ilk belə hadisədir. Bunun iki mümkün səbəbi var:

Birincisi, Ermənistan Qarabağdakı separatçılardan imtina edir və beynəlxalq müstəvidə qınanılan qondarma “seçki” ilə bağlı mövqe sərgiləməkdən çəkinir, eləcə də belə bir mövqenin həm Bakı-İrəvan danışıqlarına vasitəçilik edən tərəflərin xoşuna gəlməyəcəyini, həm də rəsmi Bakının sərt reaksiyasına səbəb olacağını anlayır: hərçənd, Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi şifahi olaraq tanısa da, son iki həftədə bunun əksi olan mövqe sərgiləməsi və ərazi iddialarını fərqli formalarda davam etdirməsi məqamı da unudulmamalıdır; bu baxımdan, İrəvanın separatçıları təbrik etməkdən imtina etməsinin arxasında başqa səbəblər də ola bilər;

İkincisi, Xankəndidəki separatçıların yeni “başçısı” Paşinyan hakimiyyəti tərəfindən qəbul olunmur: Araik Arutyunyan keçmiş “Qarabağ klanı”nın üzvü olsa da, rəsmi İrəvan onunla işləyirdi, lakin proseslər göstərir ki, Araikin gedişi, yerinə Şahramanyanın gətirilməsi məsələsi Ermənistan hakimiyyətinin iradəsindən kənar baş verib: burada Rusiya amilinin həlledici rol oynadığı və Qarabağda baş verənlərin İrəvanda hakimiyyət dəyişikliyinə aparan yolun açılması olduğu ehtimalları daha çoxdur; Paşinyana yaxın Samvel Babayanın separatçıların yeni “rəhbərliyinə” qarşı mübarizəsi də Şahramanyanın İrəvanda qəbul edilmədiyi versiyasını gücləndirir; bu baxımdan, İrəvandan “təbrik”in gəlməməsinin arxasında bu amil də dayana bilər./axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password