Azərbaycanda bu məhsul UCUZLAŞACAQ

 

“2018-ci ildə ölkədə çəltikçiliklə bağlı təsdiq olunan “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”na əsasən müəyyən işlər davam etdirilir.

Bu proqramın qəbulundan sonra ölkədə çəltikçiliyə maraq daha da artıb. Hətta müəyyən irəliləyişlər əldə edilib və əlavə torpaq sahələri ayrılıb”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında “Azərbaycan Çəltik İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Rövşən Əliyev bildirib.

R.Əliyev qeyd edib ki, çəltikçilik Azərbaycanın ənənəvi istehsal sahəsidir və daha çox Lənkəran-Astara iqtisadi rayonuna məxsusdur.

Onun sözlərinə görə, artan maraq sayəsində bəzi bölgələrdə əhali çəltikçiliklə daha ciddi məşğul olmağa başlayıb:

“Hazırda onların sayı təxminən 2200 nəfərə yaxındır. Hətta bəzi sahibkarlar tərəfindən torpaq sahələri icarəyə götürülür və əkin aparılır. Dövlət tərəfindən onlara müəyyən qədər dəstək verilir və hər hektara görə onların hər birinə 360 manat subsidiya verilir. Hazırkı məqamda yararsız, şoran torpaqları da bərpa etmək mümkündür.

Ölkənin bir çox yerlərində belə sahələr kifayət qədərdir və onları həm bərpa etməklə, həm də su çəkməklə yenidən yararlı hala salmaq, əkmək və məhsul götürmək mümkündür.

Dövlət Proqramında da çəltik sahələrinin artırılaraq 10 min hektar sahəyə, məhsuldarlığın isə artırılması ciddi şəkidə nəzərdə tutulub.

Son vaxtlar İmişli, Salyan rayonlarında bu sahəyə maraq artıb və hektarlarla torpaq icarəyə götürülərək istifadə edilir. Şirvan bölgəsində – Zərdab, Ucar, Ağdaş, Göyçay rayonlarında da çəltik əkini artıb”.

Müsahibimiz vurğulayıb ki, bu gün ölkənin bu məhsula olan illik tələbatı təqribən 45-50 min tondan çoxdur və bunun da 80-85 faizi idxal yolu ilə təmin edilir:

“Düyü əsasən Özbəkistan, Qazaxıstan, Rusiya, Hindistan, Pakistandan idxal edilir. Təkcə 2022-ci ildə ölkəyə 50 min tondan çəltik idxal olunub ki, bu da təxminən 43 milyon dollardan çox vəsaitin ölkədən çıxması deməkdir.

Bunun qarşısını almaq lazımdır. Müəyyən hissəsini yerli istehsala yönəltməklə həm daxili istehsalı stimullaşdıra, həm də idxaldan asılılığımızı azalda bilərik. Bundan başqa, əhali arasında maarifləndirmə aparmaqla onlarda bu sahəyə marağı artırmaq olar”.

Müsahibimiz bölgələrdə bəzi sahibkarlar tərəfindən çəltiyin emalı, qablaşdırılması və istehsal prosesləri ilə bağlı müəssisələr yaradıldığını diqqətə çatdırıb:

“Dövlət proqramının qəbulundan sonra, Lənkaran-Astara bölgəsində müasir tipli 5 istehsal müəssisəsi qurulub. Hazırda 2 qurutma, çeşidləmə və qablaşdırma fabriki, eyni zamanda 2 dəyirman tikilir.

Bu müəssisələr ən müasir avadanlıqlarla təchiz olunacaq, uzun və nazik düyülərin keyfiyyətli emalı həyata keçiriləcək”.

İH sədrinin sözlərinə görə, illik göstəricilərə əsasən, düyü şəklində 9-10 min ton, çəltik şəklində isə 15-16 min ton məhsul istehsal olunur:

“Bu da 35-40 sentner təşkil edir ki, ümumi tələbatımızın 12-15 faizə qədərinin təmin olunması deməkdir. Ölkəmizdə əsasən “Haşimi”, “Avanqard”, “Sədri” və “İstiqlal” sortları əkilir. Əkində həmçinin, bəzi türk sortlarından da istifadə olunur.

Azərbaycanda müasir və sertifikatlaşdırılmış sortlardan istfadə olunsa, eyni zamanda suvarma təminatı düzgün təşkil olunsa, illik 60-70 sentner məhsul götürmək olar”.

R.Əliyevin sözlərinə görə, oktyabrın sonu, noyabrın əvvəlində məhsul yığıma gedəcək:

“Bu da özünü bazarda hiss etdirəcək və gələn ilin fevral ayının sonlarına qədər qiymətlərin aşağı düşməsinə təsir edəcək. Biz yerli məhsulumuzu bazara çıxarmaqla gəlir götürmək istəmirik və əsasən daha ucuz məhsulun çıxarılmasını istəyirik”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password