Sədr: “İndiyədək “ASAN xidmət” mərkəzlərində 63 milyondan çox müraciət üzrə dövlət xidməti göstərilib”
“İndiyədək “ASAN xidmət” mərkəzlərində 63 milyondan çox müraciət üzrə dövlət xidməti göstərilib”.
Bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “DOST 2023: çevik, innovativ və davamlı xidmətlərin göstərilməsi üçün vahid platforma” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ASAN-da məmnunluq səviyyəsi də 99%-dən çoxdur:
“Bu da xalqın dövlətdən məmnunluğu deməkdir”.
O bildirib ki, çevik və innovativ idarəetmənin əsası məhz ulu öndər Heydər Əliyev tərəfindən qoyulub.
Ü.Mehdiyev əlavə edib ki, DOST modelinin unikallığı, qazanılmış nailiyyətlər əsasında faydalı təcrübə mübadiləsinə şərait yaradan bu konfransın məqsədlərindən biri də yerli və beynəlxalq ekspertləri bir araya gətirməklə dövlət sosial xidmətləri sahəsində müasir texnologiyaların, innovativ həllərin geniş tətbiqinə əsaslanan inkişaf perspektivlərinin, gələcək inkişaf yollarının müəyyənləşdirilməsidir.