Zəngəzur dəhlizi ilə bağlı yeni gəlişmə: Hakan Fidan hərəkətə keçdi

 

“Rusiya ən azı indiki dövrdə ABŞ və Avropa İttifaqının Ermənistanla Azərbaycan arasında vasitəçilik səylərinin qarşısını aldı. Nikol Paşinyan son açıqlaması ilə bunun üstündən xətt çəkdi. Üstəgəl, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edən Paşinyan yenidən bu sözündən yayınmağa başlayıb”.

Bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Ermənistan baş naziri Qarabağ da daxil Azərbaycanın ərazi bütövlüyünü tanıyıb:

“Bir sözlə, Paşinyan və Moskvanın bilərəkdən və ya bilməyərəkdən eyni ələ oynadığını deyə bilərik. Moskva Brüssel və Vaşinqton formatlarında aparılan danışıqlardan narahat idi. Rusiya bu müstəvidə Mariya Zaxarova vasitəsilə öz niyyətlərini açıq bildirmişdi. Zaxarova hətta Paşinyanın Qarabağı Azərbaycan ərazisi olaraq tanımasına təxribat xarakterli şərh də verib. Görünən budur ki. Moskva Ermənistan baş nazirinin Praqada Almatı bəyannaməsi əsasında imzaladığı razılaşmanı pozmağa çalışır.

Rusiaynın bu davamlı siyasəti təkcə strateji deyil, həm də taktikidir. Çünki yeni nizam qurulur, Rusiyanın başı isə Ukraynada müharibəyə qarşıb. Qərb də bundan yararlanaraq Cənubi Qafqazda da düzəni dəyişməyə, yəni Rusiyanı sıxışdırmağa çalışır. Rusiya da bunu bildiyindən bölgədə sülh prosesini pozur, hazırkı gərginliyin arxasında da o dayanır.

Bölgədəki mürəkkəb vəziyyətdən istifadə edib bura soxulmağa çalışanlardan biri də Fransadır. Regionda yerləşməyə çalışan Fransa həm də burada Türkiyənin qarşısını almağa çalışır. Bu baxımdan, Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyasına əngəl olmağa cəhd göstərir. Fransa bu məsələdə Rusiya ilə eyni mövqedədir. Amma Fransa ilə müqayisədə Rusiyanın regiona təsir imkanları daha genişdir. Amma Kremlin hədəflərindən xəbərdar olan Türkiyənin də fəallığı diqqətdən yayınmır”.

Məhəmməd Əsədullazadə hesab edir ki, Türkiyə xarici işlər naziri Hakan Fidanın Rusiya səfərində bölgədəki son durum və Moskvanın maraqları ətrafında müzakirələr aparılıb:

“Türkiyə Rusiyanın Qarabağla bağlı bölücü maraqlarından çəkindirməyə çalışır. Prezident Ərdoğanın bir müddət əvvəl rus sülhməramlılarının qarşıdakı iki ildə Qarabağdan çıxacağını dilə gətirməsi də bundan xəbər verir.

 

Rusiya artıq Cənubi Qafqazda Türkiyənin varlığını qəbul edir. Rusiya bölgəyə ayaq açmaq istəyən Qərbin qarşısını Türkiyə ilə birgə almaq istəyir. Amma bu qarşılıqlı anlaşma və güzəştə bağlı məsələdir. Qarabağ ermənilərinin reinteqrasiyasına mane olmayacaqsa, Rusiya bölgədəki maraqlarını qoruya bilər. Amma Kreml bunu qəbul etmək istəmir.

Rusiya mövqeyindən geri çəkilməsə, Türkiyə ilə razılığa gələ bilməsə, Azərbaycan durduğu yolla davam edəcək, Xankəndi və ətrafındakı qanunsuz silahlı birləşmələrə qarşı əməliyyatlara başlayacaq.

Zənnimcə, Ermənistandan gələn təhdidlərin qarşısını birdəfəlik almaq üçün sərhəddə bufer zona yaradılmalıdır. Məsələn, Türkiyə terrorun qarşısını almaq üçün Suriya ilə sərhədində belə bir xətt formalaşdırıb. Biz atdığımız və atacağımız addımları nə qədər sərtləşdirsək, Ermənistan sülh müqaviləsini bir o qədər tez imzalayacaq. Ermənistanın anladığı yeganə dil silahdır”.

Ekspert Türkiyə xarici işlər nazirinin İrana səfərinə də diqqət çəkib:

“Hakan Fidan Rusiyadan sonra İrana getdi. Çünki bir təhdid də oradandır, İran Zəngəzur dəhlizinin açılmasına fəal şəkildə mane olmağa çalışır. Bu baxımdan, İranın neytrallaşdırılması Türkiyənin gündəmdədir. Hakan Fidanın Tehran səfərində Zəngəzur dəhlizi ətrafında geniş müzakirənin aparıldığına şübhə etmirəm”./teleqraf.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password