Paşinyan ritorikasını dəyişdi: Sülh gündəmdən çıxır
Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov sualları cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
– Ermənistan Baş naziri Nikol Paşinyanın son açıqlaması haqda fikriniz necədir? Ermənistan baş naziri yenə açıq formada Azərbaycan ərazisində separatizmə dəstəyini ifadə etməyə başlayıb, ritorikasını da hərbiləşdirib. Sizcə, bu nə ilə əlaqəlidir?
– Paşinyan mürəkkəb vəziyyətlə üzləşib. Bir tərəfdən hesab edir ki, aparıcı dövlətlər ondan üz döndərib, Rusiya ona kömək etmir, rus sülhməramlıları öz funksiyalarını yerinə yetirmir. Eyni zamanda, Ermənistan daxilindəki bir sıra müxalif siyasi qüvvələr ona qarşı etiraz aksiyaları keçirirlər, onu devirmək istəyirlər. Yəni Paşinyanın ritorikası hakimiyyətini qoruyub saxlamaq istəyi ilə bağlıdır, əsas məqsədi budur. İstəyir ki, bu, kimlərinsə xoşuna gəlsin, onu devirməsinlər, bir müddət də hakimiyyətdə saxlasınlar. Özünə dəstək formalaşdırmağa çalışır. Düşünürəm ki, Paşinyanın əsas problemləri bununla bağlıdır.
– Bəs Paşinyanın bu düşüncə və ritorika ilə hakimiyyətdə qalması Azərbaycanla sülh danışıqlarına necə təsir edə bilər?
– Əslində, Paşinyan əlindən gələni edir ki, sülh müqaviləsi bağlanmasın. Çünki başa düşür ki, bu durumda ona qarşı olan qüvvələr daha sərt mövqedə dayana və onu devirə bilərlər. Onu da anlayır ki, artıq arxasında da elə bir güclü dəstək yoxdur. Amma gec-tez sülh müqaviləsini imzalamağa məcbur edəcəyik. Sadəcə zaman lazımdır. Hər halda onun Qarabağ oyunu bitdi. O, bir neçə dəfə bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Qarabağ Azərbaycanın tərkib hissəsidir. İndi müxtəlif bəyanatlar verə bilər. Reallıq isə göstərir ki, Ermənistan Qarabağda baş verən proseslərə təsir edə bilmir, belə bir gücü də yoxdur. Çünki Azərbaycan bölgədə dominant bir rol oynayır, konkret, real addımlar atır. Bu durumda Ermənistanın siyasi addımları puça çıxır. Bu addımlar o qədər zəifdir ki, heç bir yerdə qəbul edilmir.
Beləliklə, Paşinyan bu şəkildə davam etsə, daxili müqavimət o qədər güclənə bilər ki, hakimiyyətini itirə bilər.
– İndi Paşinyanın daxili müqavimət qarşısına əli nə qədər güclüdür?
– Düşünürəm ki, hələlik güclüdür, onu dəstəkləyən qüvvələr də az deyil. İkinci Qarabağ Müharibəsindən sonra Ermənistanda anladılar ki, Azərbaycanla üzləşmək özünəqəsddir. Çünki Azərbaycan həddindən artıq güclüdür, onun yanında güclü müttəfiqləri var. Ermənistanın Azərbaycanla müharibə aparmaq üçün real səbəbləri də yoxdur. Nəyin. hansı torpaqlar uğrunda müharibə aparacaqlar? Hazırda onları buna motivasiya edə biləcək amillər yoxdur.
Digər yandan, erməni ailələr son müharibədə öz yaxınlarını itiriblər. İndi həmin ailələrin Ermənistan hökumətindən tələbləri var. Onlar hələ də tapılmayan yaxınlarını istəyirlər. İrəvanda bununla bağlı vaxtaşırı etiraz aksiyaları keçirilir. Digər tərəfdən, müxalifətin xarizmatik liderləri də yoxdur. Artıq “Qarabağ klanı” seçilə bilməz. Düşünmürəm ki, indi bu klanın xalq arasında populyarlığı yüksəkdir. Digər qüvvələr arasında da elə bir lider yoxdur ki, kütlələri öz arxasınca aparsın. Heç onların konkret proqramları da yoxdur.
– Paşinyanla yanaşı, Ermənistan Xarici İşlər Nazirliyinin Rusiya əleyhinə son ittihamları da sərt və aşağılayıcı oldu. Rusiya buna necə cavab verə bilər?
– Əslində, bu boş ritorikadır. Çünki Ermənistan bütün sahələr və istiqamətlər üzrə Rusiyadan asılıdır. Hərbi, siyasi, iqtisadi, enerji və digər cəhətlərdən Rusiyadan asılılıq o qədər möhkəmdir ki, bu boyunduruqdan belə asanlıqla çıxa bilməyəcəklər. Bu ritorika Paşinyana ona görə lazımdır ki, özünü “qəhrəman lider” kimi qələmə verə bilsin. Belə bəyanatların öz ünvanları var, bunları onlara qəbul etdirməyə çalışır.
Rusiya vaxtaşırı Ermənistana cavab verir. Xarici İşlər Nazirliyinin sözçüsü Zaxarova və digər Rusiya rəsmilər bu ittihamlara təpki göstərirlər. Bəzi hallarda bu reaksiyalar kəskin olur. Amma onlar anlayır və reallığı çox gözəl dərk edirlər ki, Ermənistan Rusiyadan çox da uzaqlaşa bilməyəcək. Çünki nə NATO, nə də Avropa Birliyi Ermənistanı qəbul edəcək. Paşinyanın KTMT-dən çıxmaqla bağlı “gurultulu bəyanatlar”ı da puça çıxdı. Rusiyadan Ermənistana adekvat reaksiyalar verilir. Hər şey bəllidir və reallığı dərk edib anlayırlar.
– Qızıl Aypara Cəmiyyətinin Qarabağ ermənilərinə göndərdiyi humanitar yük günlərdir Xankəndi-Ağdam yolunda gözləyir. Bəs bu məsələ necə olacaq, sonda bu yükü çatdırmaq üçün Xankəndiyə daxil ola biləcəyikmi?
– Əgər onlar dedikləri kimi, acından ölürlərsə, bunları qəbul etməlidirlər. Biz gördük ki, oradakı qondarma qurumun başçısı da dəyişdi, Araik Arutyunyan başını götürüb qaçdı. Çünki başa düşür ki, başqa çıxış yolu yoxdur, ya bunu qəbul etməlidir, ya da bizimlə vuruşmalıdır. Müqavimət göstərməyə, vuruşmağa gücü yoxdur.
Hesab edirəm ki, bu yükün göndərilməsində iki məqsəd var. Birincisi, bununla göstərdik ki, biz onları Azərbaycan vətəndaşları sayırıq, Qarabağ Azərbaycanın tərkib hissəsidir. İkincisi, biz dünya birliyinə mesaj veririk ki, baxın, yol var, daha effektli və qısa yoldur, biz orada yaşayan insanlara humanitar yük çatdırmağa hazırıq və çatdırırıq. İndi onlar acından ölürlərsə, bunu qəbul etməlidirlər. Düşünürəm ki, biz düz yoldayıq. Yükü qəbul etmədikdən sonra artıq dünya da başa düşür ki, onlar acından ölmürlər, qırılmırlar, heç bir humanitar böhran yoxdur, dediklərinin hamısı yalandır.
\Teleqraf.com\