Ərzaq qiymətləri ilə bağlı VACİB XƏBƏR – Bu məhsullar kəskin bahalaşacaq
Statistikaya əsasən, son 1 ildə ərzaq məhsulları 30%-dək bahalaşıb. Qiymət artımı daha çox mal əti, duru yağlar və uşaq qidalarında müşahidə olunub. Müqayisə üçün qeyd edək ki, ötən illə müayisədə bu ilin iyulunda əhali mal ətində 2-3 manata qədər artıq pul xərcləməli olub.
Sözügedən bahalaşmanın səbəbləri ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli Referans.az-a danışıb.
“Qiymətində artım müşahidə olunan məhsulların demək olar ki, əksəriyyəti Azərbaycanda istehsal olunmur. Hətta yerli brend kimi bazarda təqdim edilən duru yağlar ölkədə sadəcə qablaşdırılır. Dünyada baş verən proseslər, Rusiya-Ukrayna münqaişəsi qiymət artımına birbaşa formada təsir göstərir. Xüsusilə Azərbaycanın duru yağlarla bağlı əsas idxalının Ukraynadan olduğunu nəzərə alsaq, biz bunu daha dəqiq əsaslandıra bilərik. Uşaq qidalarına gəldikdə isə, bu növ məhsullar hətta Azərbaycanda qablaşdırılmır və birbaşa xaricdən gətirilir və qiymət dəyişikləri ölkəmizdə də özünü biruzə verir. Məhz uşaq qidaları ilə bağlı dəfələrlə təkliflərimiz olub ki, bu qidalar sosialyönümlü məhsuldur və dünyanın bir çox ölkələrində uşaq qidalarına, geyimlərinə, aksesuarlarına vergi və gömrük güzəştləri tətbiq olunur. Azərbaycanda isə təəssüf ki, bu qayda yoxdur. Əksinə, həm gömrük rüsumu, həm də əlavə dəyər vergisinin tətbiq olunması qiymətlərin daha da artmasına səbəb olan faktorlardan biridir. Ona görə də təklif olunub ki, heç olmasa satışda əlavə dəyər vergisinin 18 faizdən heç olmasa 2 faizə salınmalıdır. Bu növ qidalarda qiymətlərin yüksək olması yeni formalaşan gənc ailələrin büdcəsinə çox pis təsir göstərir. Ona görə bütün sosialyönümlü məhsullarla bağlı gömrükdə və vergidə yeni yanaşmaya ehtiyac var”.
Ekspert mal və qoyun ətində olan bahalaşmanın isə örüş sahələrinin azalması və yem qiymətlərinin artımı ilə bağlı olduğunu qeyd edib.
“Əslində ət qiymətlərinin bahalaşması gözlənilən idi, çünki 2015-2016-cı illərdən bəri ölkədə örüş yerləri və yem bazası ilə bağlı ciddi problemlər yaşandı. Texniki bitkilərin əkin sahəsinin kəskin şəkildə artırılması örüş yerlərinin azalmasına və yem bazasına olduqca mənfi təsir göstərdi. Azərbaycanda mal-qara yeminin qiyməti son 6-7 ildə 2 dəfədən çox artıb. Bəzi növlər üzrə hətta 3 dəfə artım müşahidə olunur. Təbii ki, yemin qiyməti artdıqca, ətin qiymətinə təsir göstərir. Digər səbəb isə odur ki, fermerlər və mal-qara saxlayanlar başqa sahələrdə qiymət artımını gördükdən sonra öz ehtiyaclarını ödəmək üçün məhsullarının qiymətini də artırmaq məcburiyyətində qalırlar. Ölkədə 2021-ci ildən bəri ikirəqəmli infikiyasiya müşahidə olunur və bu da ətin qiymətinin artmasına sövq edir. Bütün bu amilləri nəzərə alsaq, təbii ki, mal və qoyun ətinin artması heç də gözlənilməz deyil”.