Postsovet məkanı: “Qarabağ” ardıcıl 10 mövsüm avrokubokların qrupuna yüksələn 4-cü klubdur
Bu mövsüm avrokubokların qrup mərhələsində çıxış edəcək “Qarabağ” ardıcıl 10-cu dəfə bu uğura imza atıb.
Ağdam təmsilçisi 2014/2015 mövsümündən etibarən hər il qrup həyəcanı yaşayır. Bunun 8-i Avropa Liqasına (AL), 1-i Çempionlar Liqasına (ÇL), 1-i isə Konfrans Liqasına (KL) təsadüf edib.
Azərbaycan təmsilçisi postsovet məkanında ardıcıl 10 dəfə avrokubokların qrupunda iştirak etməyi bacaran 4-cü komandadır.
Buna qədər yalnız Ukrayna nəhəngləri “Şaxtyor”, “Dinamo” və Rusiya təmsilçisi “Zenit” eyni nailiyyətə imza atıblar. Siyahıya başçılıq edən “Şaxtyor” “Qarabağ”dan iki dəfə çox – ardıcıl 20 mövsüm bunu reallaşdırıb. Donetsklilər seriyanı hazırda da davam etdirirlər.
“Qarabağ” ümumilikdə keçmiş SSRİ klubları arasında 10 mövsüm avrokuboklarda mübarizə aparan 6-cı kollektivdir. Azərbaycan çempionu yalnız Rusiya və Ukrayna klublarından geri qalır.
“Şaxtyor” (Donetsk, Ukrayna) – ardıcıl 20 mövsüm (cəmi 21)
“Şaxtyor” avrokubokların qrupunda 2001/2002 mövsümündə debüt edib. 2004/2005 mövsümündən bəri isə ardıcıl 20 ildir ya ÇL, ya da AL-in qrupunda özünə yer tapa bilir. Bunun 18-i qitənin bir nömrəli klub turnirinə təsadüf edib. Donetsklilər hətta 2008/2009 mövsümündə Avropa Liqasının qalibi olublar. Bundan başqa, komanda 2 dəfə (2015/2016, 2019/2020) bu turnirin yarımfinalında, 1 dəfə isə (2010/2011) 1/4 finalında mübarizəni dayandırıb.
“Dinamo” (Kiyev, Ukrayna) – ardıcıl 17 mövsüm (cəmi 26)
Bu komanda 1997-2005-ci illərdə ardıcıl 8 dəfə Çempionlar Liqasının qrupunda iştirak edib. 1997/1998 mövsümündə 1/4, 1998/1999-da isə yarımfinala qədər irəliləyib. “Dinamo” 2006/2007 “futbol ili”ndən başlayaraq, cari mövsümə qədər ardıcıl 17 il avrokubokların qrupunda yer alıb. Kiyevlilər 10 dəfə ÇL-in, 7 dəfə isə AL-in qrup mərhələsində mübarizə aparıblar. Bu illər ərzində ən böyük uğuru iki dəfə Avropa Liqasının 1/4 finalında (2010/2011, 2014/2015) çıxış etmək olub. “Dinamo”nun qrup seriyasına cari mövsümdə son qoyulub.
“Zenit” (Rusiya) – ardıcıl 12 mövsüm (cəmi 16)
“Zenit” ümumilikdə 16 dəfə qruplarda yer alıb ki, bunun 12-si ardıcıl baş tutub. Komanda 2010-2022-ci illər aralığında Rusiyanı avrokubokların qrupunda təmsil edib. Sankt-peterburqlular həmin uğurlu dönəmdə 8 dəfə ÇL, 4 dəfə isə AL-in qrupunda mübarizə aparıblar. Uğurlu seriya 2022/2023 mövsümündə qırılıb. “Zenit” üçün ən parlaq dönəm 2007/2008 mövsümü olub. Komanda həmin vaxt UEFA Kuboku adlanan hazırkı Avropa Liqasında çempionluğun sevincini yaşayıb.
ÇSKA (Moskva, Rusiya) – ardıcıl 8 mövsüm (cəmi 17)
ÇSKA ilk dəfə 1992/1993 mövsümündə avrokubokların qrupunda oynayıb. Komanda daha sonra iki fərqli dönəmdə ardıcıl 8 “futbol ili”ndə qruplarda iştirak edib. Moskvalılar ümumilikdə 17 mövsümün 13-də Çempionlar Liqasının qrupunda mübarizə aparıblar. 2004-2012 və 2013-2021-ci illər aralığının hər birində ÇSKA 8 dəfə qrupda olub. Komandanın 2012/2013 mövsümünün təsnifatında mübarizəni dayandırması ardıcıl 17 mövsüm qruplarda oynamasına mane olub. Paytaxt təmsilçisi 2004/2005 mövsümündə UEFA Kubokunun (hazırkı Avropa Liqasının) qalibi olub. 2009/2010 “futbol ili”ndə isə Çempionlar Liqasında 1/4 final həyəcanı yaşayıb.
“Spartak” (Moskva, Rusiya) – ardıcıl 5 mövsüm (cəmi 16)
“Spartak” 1998-2003-cü illər aralığında Çempionlar Liqasında 5 dəfə qruplara qatılıb. Buna qədər 1993-1996-cı illərdə komanda ardıcıl 3 dəfə ÇL-in qrupunda oynayıb. Hətta 1995/1996 mövsümündə 1/4 finala qədər irəliləməyi bacarıb. Qrup mərhələsinin olmadığı 1997/1998 mövsümündə “Spartak” yarımfinala qədər irəliləyib.
Qeyd edək ki, “Qarabağ” bu mövsüm Avropa Liqasının H qrupunda “Bayer 04” (Almaniya), “Molde” (Norveç) və “Hakken” (İsveç) ilə mübarizə aparacaq.