Antiterror əməliyyatları başlayır: Paşinyanı sülhə məcbur edəcək yeganə yol…
Ermənistanın Baş naziri Nikol Paşinyanı təxribatçı açıqlamalara sövq edən beynəlxalq güclərdir. Xüsusilə Fransa bu mənada fərqlənir. Erməni tərəfi hazırda Fransadan yardım dilənir. Məqsəd də Fransanı bu prosesə qoşmaqdır. Yardımlar fonunda isə Fransa Ermənistanla Azərbaycan arasında sülhün əldə olunmaması şərtini qoyur.
Bunu Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib.
Partiya sədri bildirib ki, onların düşüncəsinə görə müharibəyə qarşılıq hansısa formada bir revanş olmalı və müəyyən itkilər geri qaytarılmalıdır:
“Amma bunun üçün gücləri yoxdur. Fransanın da burada hansısa bir güc tətbiq etməsi mümkün deyil. Rəsmi Paris hazırda Afrikada ciddi problemlər yaşayır. Bunun əksinə olaraq prosesi irəli aparmaq üçün Azərbaycan tərəfindən bütün imkanlar səfərbər edilməlidir. Addım-addım Azərbaycan öz mövqelərini möhkəmləndirməlidir”.
Deputat hesab edir ki, sülh olacaqsa, Azərbaycan strategiyasını ona uyğun quracaq:
“Bu olmayacaqsa inadla ərazimiz üzərində suverenliyimizin bərpa edilməsi istiqamətində addımlar atılmalıdır. Əgər ehtiyac yaranarsa, ərazidə antiterror əməliyyatlarının icrası qaçılmaz olacaq. Digər tərəfdən Qarabağa Ağdam yolundan kənar bütün girişlərin qarşısı sona qədər alınmalıdır”.
Fazil Mustafa Paşinyanın açıqlamaları fonunda onun başqa cür sülhə gəlməyəcəyini bildirib:
“Amma onun sülhə gəlməməsinin də alüdəçisi olmaq lazım deyil. Sülh ilk növbədə Ermənistana lazımdır. Azərbaycan üçün ərazidə yarımçıq işlərin olması fonunda sülh o qədər də həyati əhəmiyyət daşımır. İlk növbədə yarımçıq qalmış məsələlərin həlli daha vacibdir”.