Qeyri-neft sektoru əsas gəlir mənbəyinə çevrilir

 

İxracın idxalı üstələməsində tək neft-qaz sektoru deyil, həm də qeyri-neft sektoru əhəmiyyətli baza formalaşdırır. Qeyri-neft ixracının həcminin artması manata xarici təzyiqlərin neytrallaşdırılmasında da mühüm rol oynayır. 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildirilib ki, bu ilin yanvar-iyul aylarında Azərbaycan 2 milyard ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,8 faiz çoxdur. Xatırladaq ki, 2022-ci ildə Azərbaycanın qeyri-neft ixracı 2021-ci illə müqayisədə 12,3 faiz artaraq 3 milyard 47,67 milyon ABŞ dolları təşkil etmişdi. 

Bəs bu artıma imkan yaradan səbəblər hansılardır? Ümumiyyətlə, qeyri-neft məhsullarının ixracının artması hansı perspektivlər vəd edir?

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

İxrac imkanları və coğrafiyası genişlənir

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib ki, son illər qeyri-neft ixracını təşviq edən siyasətin yürüdülməsi sayəsində ixrac məhsullarının həcmi və dəyəri artıb:

“İqtisadiyyatın diversifikasiyası nəticəsində qeyri-neft sektoruna aid məhsulların çeşidlənməsi və müxtəlifliyi, o cümlədən coğrafi şaxələndirmə ölkəmizin ixrac balansına müsbət təsir edib, mal və məhsulların müxtəlifliyi, xarici ticarətin strukturu və coğrafiyasının genişlənməsinə səbəb olub.

Son illərdə ixracla məşğul olan sahibkarlara dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi, ixrac təşviqləri, ticarətin asanlaşdırılması və əlverişli ixrac imkanlarının yaradılması, eləcə də xarici ölkələrdə Azərbaycan məhsullarının tanıdılması və ticarət evlərinin fəaliyyətinin artırılması bu məsələdə mühüm rol oynayıb. Nəticədə, 2022-ci ildə Azərbaycanın ümumi ixracında qeyri-neft sektorunun payı 10 faiz təşkil etməklə 3 milyard dollara bərabər olub. İxracda tək kənd təsərrüfatı məhsullarının payı 20 faizdən çox yüksəlib. Ötən il aqrar məhsulların ixrac dəyəri 1 milyard dollardan çox olub. Eləcə də, sənaye məhsullarının ixracında əhəmiyyətli artım baş verib. Xüsusilə də kimya sənayesi məhsullarının, qara metal və ondan hazırlanan məmulatların ixracı hər il yüksək həcmlə artmaqda davam edir”.

Azərbaycana daxil olan xarici valyutanın həcmi artır 

A.Hüseynovun sözlərinə görə, qeyri-neft sektorunun inkişaf etməsi iqtisadi dayanıqlılığımızı və manatın sabitliyini artıran mühüm amillərdir:

“İxrac həcminin böyüməsi iqtisadiyyatımıza çox mühüm faydalar verir. İlk növbədə ixracla məşğul olan sahibkarların kapital yığımlarını artırır. Bu da qeyri-neft ixracatçılarının mövqeyinin möhkəmlənməsi deməkdir. İkincisi, qeyri-neft ixracının artması Azərbaycana daxil olan xarici valyutanın həcminin də artmasına səbəb olur.

Nəticədə ölkəmizin strateji valyuta ehtiyatlarının həcmində qeyri-neft ixracının payı yüksəlir. Ən mühüm amillərdən biri, ölkəmizin tədiyyə balansının güclənməsidir. İxracın idxalı üstələməsində tək neft-qaz sektoru deyil, həm də qeyri-neft sektoru əhəmiyyətli baza formalaşdırır. Qeyri-neft ixracının həcminin artması manata xarici təzyiqlərin neytrallaşdırılmasında monetar faktorlardan biri kimi mühüm əhəmiyyət daşıyır. Xarici valyutanın ölkəyə daxil olmasını stimullaşdırır. Bu sahədə artım iqtisadi inkişafın və makroiqtisadi sabitliyin dayanıqlılığının təmin olunmasında əsas faktorlardan biridir”.

Neft Fondundakı gəlirlər qeyri-neft sektoruna yönəldilməlidir

İqtisadçı Mahir Zeynalovun fikrincə, dünya ölkələrində artıq digər yanacaq növlərinə keçid baş verir deyə, neftdən asılılığı azaltmalıyıq:

“İndi dövlət büdcəsinə gələn gəlirin rəsmən 53 faizi neftlə bağlıdır. Vergiləri də nəzərə alsaq, bu, 60 faizə qədərdir. Amma 7-8 il əvvəl bu rəqəm 70-75 faiz idi. İndi asılılıq bir az azalıb. Amma bunu 25 faizə endirmək lazımdır. Neft Fondunda olan ehtiyatlarımızı qeyri-neft sektoruna yönəltməliyik. Növbəti 10 illiklər üçün qeyri-neft sektorunu mütləq inkişaf etdirməliyik. Artıq neft azalır. Biz bunu on ildən sonra daha çox hiss edəcəyik”.

Qarabağın azad edilməsi geniş imkanlar açır 

Ekspert qeyd etdi ki, Qarabağın işğaldan azad olunması qeyri-neft sektorumuzun inkişafına daha da töhfə verəcək:

“Azərbaycanın qeyri-neft sektorunda böyük potensialı var. İndikindən də yüksək nəticələrə nail olmaq mümkündür. Xüsusən, Qarabağ işğaldan azad olunandan sonra bizim daha geniş imkanlarımız yaranıb. Məhsuldarlığı artırmaq şansımız var. Bununla da biz qeyri-neft sektorunda yeni imkanlar əldə etmişik. Orada həm müasir kənd təsərrüfatı, həm də müasir emal sənayesi qura bilərik. Qarabağda müasir emal sənayesi qura bilsək, növbəti illərdə qeyri-neft sektorunda 5-15 faiz inkişaf meylləri görəcəyik. Hökumət bunun üçün bir sıra təşviq mexanizmləri də həyata keçirir, stimullaşdırıcı addımlar atır. Qarabağda istehsalla məşğul olacaq sahibkarlar 10 il əksər vergilərdən azad olunub. Onlara güzəştli kreditlər ayrılır”.

“Bu faizlərlə biznes qurmaq olmaz” 

M.Zeynalov bu sahədə mövcud olan müəyyən problemlərdən də söhbət açıb:

“İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu sahibkarlar üçün 150 milyon manat kredit ayırır. Özəl sektor üçün bu kreditin həcmi aşağıdır. Bu, 500 milyon manat həcmində olmalıdır. Azərbaycan sahibkarlarının əsas problemi əlverişli şərtlərlə maliyyə qaynaqlarına əlçatanlığın olmamasıdır. Sahibkarlar daha ucuz kreditlər istəyirlər. Bildirirlər ki, bank kreditlərinin faizləri yüksəkdir, onunla biznes qurmaq olmaz. Həqiqətən də 18-22 faizlə biznes qurmaq mümkün deyil. İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu ayrılan güzəştli kreditlərin həm həcmini artırmalı, həm də girov şərtlərini yumşaltmalıdır ki, sahibkarlar öz bizneslərini genişləndirə bilsinlər. Azərbaycanın qeyri-neft sektorunun gələcək inkişafı ölkədə özəl biznesə yaradılacaq şəraitdən asılıdır. Biznes mühiti nə qədər əlverişli olsa, qeyri-neft sektorunda bir o qədər iqtisadi artıma nail ola biləcəyik. Bu halda qeyri-neft sektorunun rəqabətli inkişafını müşahidə edəcəyik”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password