Azərbaycana qarşı hücuma hazırlaşırlar – “Ayın sonu “isti” olacaq”
“Fransızlar ermənilərlə birlikdə yenidən qruplaşıb, Azərbaycana qarşı növbəti hücuma keçmək istəyirlər”.
Bunu politoloq İlqar Vəlizadə deyib.
“Fransa mətbuatının məlumatına görə, Paris avqustun 29-da BMT Təhlükəsizlik Şurasında Laçın yolunda vəziyyətlə bağlı növbəti müzakirəyə başlamaq niyyətindədir. Avqustun sonu “isti” olacaq. “Fransız cinahı” ermənilərlə birlikdə yenidən qruplaşır, növbəti hücuma keçmək istəyir. Bizi mənasız kağızlarla, qətnamələrlə, bəyanatlarla “bombalamaq” istəyirlər, indiki dünyada bunlar işləmir, önəmsizdir.
Əvəzində nə baş verir? Heç nə! Ermənistan və separatçılar üçün hər şey olduğu kimi qalacaq, daha da pis olacaq. Bütün digər proseslər kimi danışıqlar da əngəllənə bilər, bunun erməni tərəfi üçün faydalı olacağını düşünmürəm. İkinci Qarabağ Müharibəsi başlamazdan əvvəl də danışıqlarda bir ildən çox dayandırılmışdı”, – ekspert bildirib.
İlqar Vəlizadə ATƏT-in regiondakı pozucu fəaliyyətlərinə də diqqət çəkib:
“ATƏT tərəflərdən birinin – Azərbaycanın razılığı olmadan öz xüsusi nümayəndəsini (Anjey Kaspşik) regiona göndərməklə mandatını kobud şəkildə pozur. Yalnız bir tərəfdən vəziyyəti necə izləmək olar? Birtərəfli monitorinqdən hansı “hesabat” hazırlamaq olar?
ATƏT öz zəruriliyini nümayiş etdirmək üçün əlindən gələni edir, amma bunun tam əksi ilə üzləşir. Uzaq keçmişindən indiyədək lazımsız bir qurumdur. Eləcə də onun indiki sədrinin bölgə üzrə nümayəndəsi (Kaspşik)”.