Gözəlliklər diyarı Monteneqroda bir gün – Səfər qeydləri – IV yazı
Bosniya və Herseqovinanın ən cənub-şərqində Trebişnica çayı üzərində yerləşən Trebinje şəhərindəki gecələdiyimiz oteldə səhər yeməyimizi yedikdən sonra 18 iyul saat 09-10-da Monteneqroya doğru yola çıxdıq. Hər iki ölkənin gömrük-keçid məntəqəsini tez bir zamanda keçdiyimizin sevinci həddi-hüdudu yox idi.
Yol boyu Monteneqronun gözəlliyinə heyran olmuşduq. Bizi ilk düşündürən şey isə qayalı dağlar üzərində meşəliyin necə əmələ gəlməsi olmuşdu. Bələdçimiz isə Monteneqro haqqında kasad bilgilər verirdi. Bu bilgilərdən mənim xatirimdə qalanından biri ölkənin bəzən tunellər ölkəsi adlandırılması idi. Yol boyu tunellərdən keçməyimiz bələdçimizin sözünün bir həqiqət olmasına dəlalət edirdi. Tunellərdən danışsaq Monteneqroda onların çoxu yox, lap çoxu var. Hərəkət sürəti, ərazinin relyefi və digər amillər nəzərə alınaraq yollar əyrilərdən ibarət- serpantin yollar və tunellərdən çəkilmişdir. Dəniz səviyyəsindən çox yüksəklikdə olmaqla, bunların bir çoxu çətin tunellər idi. Bəzi yerlərdə tunellərin uzunluğu 3-4 km çatırdı. Ölkə əsasən dağlıq olduğundan avtomobil yolları qayalarda düzəldilmiş dəliklərdən keçmək məcburiyyətində idi. Yolların 30%-də bunlara rast gəlmək olur. Onların əksəriyyəti xüsusi qazma maşınları ilə qazılmayıb, yarılıb-kəsilmiş tunellərdir. Buna görə də, onların həmişə düzgün tağlı forması yoxdur və düzənsizdirlər. Və belə “səhv” tunellərdə avtobusumuz yolun ortası ilə gedirdi. Magistral yolun hər istiqaməti yalnız bir zolaqlı olduğundan, belə məqamlarda qarşıdan gələn nəqliyyat vasitələri tunelin sağ divarına sıxışaraq dayanmalı olurdu. Biz də bir neçə dəfə belə dayanmalı olduq.
Yolda olduğumuz 2 saatdan sonra qabağımıza çıxan ilk şəhər Herseq-Novi oldu. Bu şəhər Oryen dağının vadisində yerləşən Boka-Kotor körfəzinin məşhur turizm şəhəridir. Avtobusumuzun kapitanı avtobusu dağın üstündəki “Herseq-Novi” reklam tabelasının yanında saxlayıb dinlənmək üçün bir az fasilə verdi. Beləliklə də bu şəhərin mənzərəli gözəlliyini biz yuxarıdan baxıb seyr etməklə zövq aldıq. Sahilin ponoramalarına heyran olduq. Gözəllikləri görən tur yoldaşlarımız xatirələrini sənədləşdirmək üçün tez-tələsik dəyərli üsul olan fotoqraf çəkiminə başladılar.
Biz dağın üstündə dayandığımız uzaq məsafədən də körfəz suyunun neçə şəffaf olduğunu görə bilirdik. Burada suyun şəffaflığının 35 metr dərinliyə çatdığı yerlər də çoxdur. Ümumiyyətlə, Herceq – Novi həm dincəlməyə, həm də xəstəliklərini sağaltmağa, hətta əylənməyə gələn turistlər üçün idealdır.
Verilən fasilə tezliklə bitir və avtobusa doluşaraq biz yolumuza davam edirik. İstiqamətimiz KOTOR şəhərinədir. Kotor şəhərinədək yolumuz Kotor körfəzinin sahil boyundan keçir. Bu arada kapitanımız avtobusu gözəl mənzərəli bir yerdə saxladı. Burda təndir üzərində bütöv şəkildə quzunu qızardırdılar. Hamı bu quzu ətindən bir dönər hazırladıb böyük iştaha ilə yedi. Doğrusu dönər həqiqətən də çox dadlı çıxmışdı. Kotora qədər saat yarımlıq yolu buraların unikal gözəlliklərini kəşf edə-edə gedirik.
Kotor, Adriatik dənizində Kotor körfəzinin sahilindəki əhəngdaşı qayalarında yerləşən bir şəhərdir. Keçmişdə böyük ticarət mərkəzi olub. 2000-ci ildə Kotor dünyanın iyirmi beş ən gözəl körfəzi siyahısına daxil edilmişdir. Ədəbiyyatlarda ilin ən isti ayının- iyul ayının temperaturunun 25°C olduğu göstərilsə də, burda olduğumuz vaxtda temperatur 40°C-ə yaxın idi. Bizim bu şəhərdə vaxtımızın çox hissəsi qala divarı ilə əhatə olunmuş orta əsrlərə aid Köhnə Şəhərdə keçdi. Şəhərin bu hissəsi YUNESKO-nun mühafizəsi altındadır. Köhnə şəhərdə çoxlu meydanlar, dolama küçələr və bir neçə kilsə var. Bu gün Kotorda katoliklərdən əhəmiyyətli dərəcədə daha çox pravoslav var, lakin pravoslavlardan daha çox katolik kilsəsi var. Bu onunla əlaqədardır ki, şəhərin tarixinin çox hissəsi üçün Kotorda siyasi cəhətdən katolik əhali üstünlük təşkil etmişdir. Bunları biləndə düşündüm və təəccüb etdim ki, nə əcəb ermənilər buraya birinci gəldiklərini, katolik kilsələrini onların tikdirdiyini dünyaya car çəkmirlər?
Kotor 6 aprel 1667-ci ildə baş vermiş Böyük Zəlzələ nəticəsində demək olar ki, tamamilə dağılmışdır: Bütün binaların üçdə ikisi, kilsənin zəng qülləsi uçmuş, çoxlu insan ölmüşdür. Burda o böyük zəlzələnin bir şahidi də var. Saat qülləsi. İtalyadakı məşhur Piza qülləsi kimi, bu saat qülləsi də zəlzələdən sonra əyilmiş şəkildədir. Bizə köhnə şəhəri gəzməyə bir saata yaxın vaxt verilmiş və bu saat qülləsinin yanında toplaşmamız tapşırılmışdı.
Qədim dövrlərdən bəri Kotor məşhur dənizçilər şəhəri olub.İndi burda Gəmi(ada) gəzintisi, çimərliklər, dənizsahili gecə klubları, publar, nə desəniz var. Qala şəhərdən çıxdıqdan sonra günorta yeməyi yeməyə, kafenin Wi-Fi-dən istifadə etməyə və sahildə dayanmış böyük sərnişin gəmisi ilə selfi də çəkməyə vaxtımız oldu.
Günəş çox qızmar olduğundan özümüzü yaxınlıqda dayanan səyahət avtobusumuza çatdırdıq və kondinsionerin havası ilə oradan BUDVA şəhərinə yol aldıq. Yenə təbiətin gözəlliklərinə baxa-baxa bir saata yaxın yol gedib Budva şəhərinə çatdıq.
Budva da Adriatik dənizi sahilində bir şəhərdir. Kurort zonasında yerləşir və qumlu çimərlikləri və gecə klubları ilə tanınır. Zəngin mədəni həyatla dolu Budvaya meyl edən insanlar burda əyləncəni və qədim yerləri görməyi sevirlər. Mərkəzdə Venesiya hakimiyyəti dövründən qalan divarlarla əhatə olunmuş Köhnə şəhər yerləşir. Bu tarixi ərazinin əsas görməli yerləri dənizkənarı qala və 9-cu əsrə aid Müqəddəs Məryəm kilsəsi kimi dini yerlərdir. Elə bizim də vaxtımızın çoxu Köhnə şəhərdə keçdi. İstidə Əli müəllimlə şəhərin dar küçələrini gəzib özümüzü pivəyə verdik. Burada xeyli pivə içdik. Rəna və Sevda xanım da bizimlə idilər. Onlar Müqəddəs Məryəm kilsəsinə baxıb gəldikdən sonra mən dedim ki, yaxındakı qala qapısından birbaşa çimərliyə çıxmaq da olar. Vaxtımız az olduğundan toplanacağımız yerə gecikməməm üçün mən dənizə girməmişdim. Baxmayaraq mən artıq bir dəfə çimərliyə baxıb gəlmişdim, maraq güc gəldiyindən onlar da çimərliyə baxmağa getmək istədilər. Çimərlikdə onlar selfi çəkməyə də vaxt tapdılar. Sonra birlikdə geriyə qayıtdıq.
Balkan turumuz ASKEF-in (Avrasya Sanat Kültür Edebiyat ve Bilim Federasyonu), onun yaradıçısı və başqanı Savaş bəy Ünalın başcılığı ilə davam edirdi. Səfərimizin bir qayəsi də Balkanlarda dərin iz buraxmış Türk mədəniyyətini keçdiyimiz yerlərdə gözlərimiz ilə görüb öyrənməkdi. Ona görə də Balkanların bu yerində də əcdadlarımızın imzalarını axtarırdıq.
Osmanlı Dövlətinin də Monteneqronu fəth etməsi Sultan I Murad dövrünə rast gəlir. Osmanlı Dövlətinin Monteneqronu tam istilası isə Sultan Fatih Mehmet dövründə olmuşdur. Əslində Osmanlı Monteneqronu tam olaraq hakimiyyətinə almamışdır. Fatih, Monteneqroya bir növ muxtariyyət statusu verdi və bu vəziyyət Monteneqrolular tərəfindən 1878-ci ildə Osmanlıdan ayrılana qədər istifadə olunmuşdur. Monteneqrolular Osmanlı Dövlətinin hakimiyyətinə girişindən başlayaraq çox sayda üsyan qaldırmışlar. 1877–78-ci illərdə Osmanlı-Rus Müharibəsində Rusiyanın tərəfində yer alan Monteneqro, Osmanlı ordusunun mühüm bir qismini Balkanlarda məşğul etmiş və müharibənin Rusiyanın xeyrinə nəticələnməsində böyük bir amil olmuşdular. Monteneqronun əhalisi keçmiş dövrdə albanlardan ibarət olub. İndi müsəlman əhali bütün əhalinin 18%-ə yaxınını təşkil etsə də, şəhərlərdə demək olar ki, camiyə belə rast gəlmədik. Sanki, Osmanlı izi bir növ silinib atılmışdır.
Avtobus ayağına gedərkən mən bir lokanta sahibi türk qardaşıma rast gəldim. Onunla bir az söhbət də etdim. Azərbaycandan olduğumu bildiyində burada tanıdığı azərbaycanlıların da yaşadığını dedi. Birinin də əmlakçı işlədiyini söylədi. Onunla sağollaşıb avtobusumuz dayanan yerə gəldim. Əli müəllimgil hələ gəlib çıxmamışdılar. Onlar yolu azdıqlarından bir az gec gəlib çıxdılar. Bizlər də bir az üz-gözümüzü turşutsaq da, əslidə sevinirdik.
Bir günümüz də belə keçdi. Yolçu yolda gərək-deyib yola rəvan olduq. Burdan o yana da nağılımız davam edirdi. Məqsədimiz yolu getmək, səyyah olmaq, getdiyimiz yolu tanımaq, addım-addım kəşf etmək idi. Axşam saat 20-00 qalmış artıq yeni bir ölkəyə, Albaniyanın gömrük- sərhəd məntəqəsinə çatmışdıq. Sona xanım pasportunu tapa bilmədiyindən aləmi biri-birinə qatmışdı…
Əli Vəliyev
Vüqar Abduyev