“ETA terrorçularının təhdidi altındakı İspaniya Qarabağ separatçılarına dəstək verir”

 

“İspaniyanın Rusiyadakı səfirliyinin sosial şəbəkə hesabında Qarabağdakı separatçılara yardım göstərilməsi haqqında paylaşım və separatçıların “bayrağı”nın da oraya əlavə olunması böyük suallar doğurur. İspaniya tərəfi Azərbaycanın narahatlıq ifadə etməsindən sonra paylaşımı silsə də, texniki səhv olduğunu qeyd edib. Yəni belə bir addım atmadıqlarını təkzib etməyib”.

Bu fikirləri Azərbaycan-İspaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Tural Gəncəliyev deyib. Deputat qeyd edib ki, İspaniya Avropa İttifaqının müasir Avropanın, bəlkə də, birinci ölkəsidir ki, separatçılıqdan, hətta aqressiv separatçılıq və onun yaratdığı terrorçuluqdan əziyyət çəkib:

“Ona görə İspaniyanın, xüsusilə də Birinci Qarabağ müharibəsindən, yəni 1990-cı illərdən Ermənistanın Azərbaycana qarşı təcavüzündən indiyə qədər göstərdiyi adekvat, konstruktiv mövqenin birdən-birə Rusiyadakı səfirliyinin hesabından izlədiyimiz kimi, ermənimeyilli istiqamətdə dəyişməsi, açıq-aşkar separatçılığa dəstək verilməsi təəccüb doğurdu.

Qeyd etmək yerinə düşər ki, İspaniya dövlətinə qarşı 1970-ci illərdən bu yana “Baskların vətəni və azadlıq” (ETA) adlanan separatçı, terrorçu qurum təhlükə törədir. Ölkənin ərazi bütövlüyü, təhlükəsizliyi daim təhdid altındadır və təşkilat ölkənin enerji resurslarını bu istiqamətdə xərcləməyə məcbur edib. ETA təşkilatı ispan hüquq-mühafizə orqanlarının əməkdaşlarını, siyasətçiləri qətlə yetirərək, ölkədə terror aktları törədərək, biznesmenlərdən, iş adamlarından əlavə vergi alaraq, reketlə məşğul olub. İndi həmin ETA terrorçularının analoqu olan, Azərbaycanın Qarabağ bölgəsindəki separatçılara məhz İspaniya dəstək verir”.

Deputat onu da xatırladıb ki, bu aqressiv, separatçı qurumlar, dünyanın müxtəlif yerlərində mövcud olan “xunta rejimləri” bir-birləri ilə həmişə əlaqədə olublar, əməkdaşlıq ediblər:

“Məsələn, Qarabağdakı separatçı terrorçular İspaniyadakı ETA təşkilatı, Cənubi Osetiya, Abxaziya, Ukrayna ərazisindəki separatçılarla, digər ölkələrdəki eyni rejimlərlə əlaqədə olublar.

Bütün bunları nəzərə alaraq, bir daha ispaniyalı həmkarlarıma səslənib, bildirmək istəyirəm ki, terrorçuluqla mübarizə apardıqları məqamda başqa bir ölkənin ərazisindəki terrorçulara dəstək göstərmək qətiyyən qəbuledilməzdir.

İspaniya hazırda Avropa İttifaqında ilk rollarda olmasa belə, özünəməxsus, güclü mövqeyə sahib ölkədir. Ona görə hesab edirəm ki, İspaniya rəsmiləri belə səhvlərə yol verməməlidirlər”.

Qeyd edək ki, İspaniyanın Rusiyadakı səfirliyi Qarabağdakı erməni separatçılara yardım göstərildiyini açıqlayıb. Bu barədə İspaniya səfirliyi öz “X” sosial şəbəkə hesabında paylaşım edib. Bu zaman Qarabağ separatçılarının qondarma “bayrağ”ından da istifadə edilib.

Azərbaycan tərəfinin narahatlığını ifadə etməsindən sonra səfirlik həmin paylaşımı silib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password