Gərginlik artır, Azərbaycan güc amilindən istifadə edə bilər… – Politoloq

 

Ermənistan hakimiyyətinin hazırki mövqeyi onların dövlət maraqlarına uyğun gəlsə də, beynəlxalq hüquq normalarına ziddir. Çünki Laçın dəhlizində sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycanın suveren hüququdur və beynəlxalq hüquqa söykənir. Sərhəd-buraxılış məntəqəsinin qurulması ilə erməni tərəfinin iddia etdiyi kimi
Dağlıq Qarabağdakı erməni icmasını Ermənistandan və dünyadan təcrid etməklə bağlı mövqe və maraq olmayıb.

Bu sözləri açıqlamasında politoloq Elşən Manafov deyib.

“Əksinə, Azərbaycan tərəfi elə Dağlıq Qarabağdakı erməni icmasının təhlükəsizliyini təmin etmək, bu icmanın bəzi üzvlərinin separatçılıq meyllərinin qarşısını almaq, ən əsası isə müxtəlif kanallarla Ermənistana məlum dövlətlərin bəzi dairələrinin dəstəyinə, həmin dəhliz vasitəsilə Dağlıq Qarabağa humanitar yük adı altında göndərilən yüklərin təyinatına aydınlıq gətirmək istəyib. Məlum olub ki, bu yüklərin heç də hamısı humanitar xarakterli deyil, Qarabağdakı erməni icmasına deyil, erməni separatçı rejiminə silah və maliyyə dəstəyi daşınır”, – o qeyd edib.

Elşən Manafovun sözlərinə görə, bu hal perspektivdə problemin Azərbaycanın dövlət maraqları və mövcud qanunvericilik çərçivəsində həlli ilə bağlı prosesləri uzadır, Dağlıq Qarabağdakı erməni icmasının Azərbaycan cəmiyyətinə reinteqrasiyasınaarzuolunmaz təsir göstərir: “Bütün bu amillər, ən əsası isə Moskva sövdələşməsinin məlum müddəalarına çıxış edərək Bakı belə bir addım atıb. Bununla yanaşı, həm də alternativ təklif etmişik ki, Ağdam-Xankəndi yolu vasitəsilə Ermənistandan Qarabağa məlum yüklərin daşınması və ümumiyyətlə Dağlıq Qarabağda erməni icması ilə Ermənistan cəmiyyəti, xalqı arasında humanitar xarakterli məsələlərin tənzimlənməsində Azərbaycan bu yolla yardımçı olacağını bəyan edib”.

Politoloq vurğulayıb ki, Azərbaycan heç bir özünün vətəndaşı sayılan Dağlıq Qarabağ ermənilərinə problem yaratmaq istəmir: “Amma təəssüflər olsun ki, həm Ermənistan hakimiyyəti, onlarla əməkdaşlıq edən Avropadakı məlum dairələr, ilk növbədə isə rəsmi Paris Azərbaycanın ünvanına beynəlxalq hüquqa zidd bəyanatlar səsləndirir. Ermənistanla yanaşı, bəlli dairələr də Azərbaycanı beynəlxalq hüququ pozmaqda və Dağlıq Qarabağdakı erməni cəmiyyətinin hüquqlarını tapdalamaqda, guya insan hüquqlarının pozulması sahəsində problemlərə görə ittiham edirlər.

Bunlar isə aydın məsələdir ki, ilk növbədə Avropadakı bəlli dairələrin Azərbaycan dövlətinə təhdid və təzyiq istəklərindən irəli gəlir. Həmin dairələr problemin həllində maraqlı deyillər. Vaşinqton və Brüsseldə keçirilmiş görüşlərdə məqsəd problemin həllində münaqişə tərəflərinə dəstək vermək olsa da, heç də problemin ədalətli həlli ilə bağlı məsələlərdə onların səmimi olduğunu görmürük.

Ermənistanın BMT-yə müraciəti əslində BMT-nin özünü də artıq bu proseslərə cəlb etmək, hay-küy yaratmaq, beynəlxalq ictimai rəydə regionda Azərbaycan və Ermənistan arasındakı danışıqlarda yaşanan hadisələrlə bağlı mənfi, yalan və iftiraya söykənən fikir yaratmaq istəyindən irəli gəlir. Azərbaycan tərəfi ilk olaraq BMT-yə xatırlada bilər ki, zamanında məlum münaqişənin danışıqlar yolu ilə həll edilməsi üçün BMT-nin qəbul etdiyi dörd qətnamə vardı.

Təəssüflər olsun ki, nə BMT, nə də ATƏT-in Minsk qrupu qətnamələrin icrası istiqamətində 30 il ərzində lazımi addımları atmadılar. Problem yerində saymaqda davam edirdi. Yalnız Azərbaycan beynəlxalq hüquqa söykənərək özünün işğal altında olan əraziləri azad etdikdən sonra bölgədə yeni geosiyasi reallıqlar yaratdı, bu, ilk növbədə Qərbi qane etmir. Çünki Rusiyanın bölgəyə sülhməramlı qüvvələrini yeritməsi bölgə uğrunda geosiyasi mübarizədə Qərbin Rusiyaya uduzduğu anlamında qəbul oluna bilər. Qərbdə bunu gözəl başa düşürlər. Ona görə də Qərbdəki bəlli dairələrin, “Soros”çuların, “Rotşild”lərin dəstəyi nəticəsində hakimiyyətə gələn erməni iqtidarı onların dəstəyi ilə BMT-nin özünü də məlum olaylara cəlb etmək və BMT-nin timsalında Azərbaycana təzyiqləri artmaq üçün bütün bu proseslərdən, danışıqlardan istifadə etmək istəyir”.

Ekspert əlavə edib ki, belə bir şəraitdə tərəflər arasında münasibətlərdə gərginliyin artması ehtimalı olduqca böyükdür.”Bu, Azərbaycana növbəti dəfə güc amilindən istifadə etmək üçün şans yarada bilər. Erməni tərəfi, erməni icması dəmir yumruq siyasətinin yaratmış olduğu yeni reallıqları anlamaq istəmirsə, bunu bir daha onların yadına salmaq zərurəti yaranacaq. Təəssüflər olsun ki, Ermənistan hakimiyyətinin əməli və sözlərində vəhdət görmürük”.

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password