Ermənistan odla oynayır – “Bu dəfəki cavabımız daha sərt olacaq”
“Ermənistanın son davranışlarından görünən budur ki, Azərbaycanla sülh danışıqlarından imtina edib”.
Bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
“Ermənistanın Azərbaycanla bağlı BMT Təhlükəsizlik Şurasına müraciəti, bu fonda şərti sərhəddə hərbi qüvvə və texnika cəmləşdirməsi Brüssel və Vaşinqton formatlarının üstündən xətt çəkir. Bu, həm də Ermənistanın sülh danışıqlarından imtina etdiyi anlamına gəlir. Hesab edirəm ki, Ermənistan Azərbaycandan Qarabağ erməniləri ilə bağlı BMT Təhlükəsizlik Şurasına “şikayətlər”inə istədiyi cavabı ala bilməyəcək. Ermənistan sadəcə Azərbaycana qarşı beynəlxalq təzyiq mexanizmi formalaşdırmağa çalışır. Amma heç kim Ermənistana görə Azərbaycanla əlaqələrini kormalayacaq. Əlbəttə, Fransa kimi Ermənistanın adından danışan istisnalar olacaq”, – ekspert bildirib.
Məhəmməd Əsədullazadənin fikrincə, Ermənistanın bu siyasəti, tutduğu yol Cənubi Qafqazda gərginliyi artıracaq:
“Ermənistan iki istiqamətdə – həm diplomatiya, həm də şərti sərhəddə hücuma keçməyə çalışır. Fransa, Hindistan, İran və müəyyən mənada Rusiya bu prosesdə Ermənistanı dəstəkləyir. Hərbi toqquşma riski var. Ermənistan açıq formada sülh müqaviləsini imzalamaqdan boyun qaçırır. Bu isə Ermənistana yaxşı heç nə vəd etmir. Erməni təxribatlarına veriləcək növbəti cavab daha ağır və daha sərt ola bilər”.