“Bu yanaşma, bu siyasət ilə ABŞ özünün Cənubi Qafqazdakı mövqelərinə zərbə vurur”
“Bu cür yanaşma ilə, bu siyasətlə ABŞ özünün Cənubi Qafqazdakı mövqelərinə zərbə vurur”.
Açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
Deputatın sözlərinə görə, ABŞ Dövlət Departamentinə yaxın “Vaşinqton post” və digər media orqanlarında yenidən Azərbaycana qarşı böhtan kampaniyasına start verilib:
“Bu, ilk hal deyil. Bu ölkənin beynəlxalq təşkilatlardakı nümayəndəliklərinin, Dövlət Departamentinin qeyri-rəsmi “mətbuat orqanı” kimi tanınan mətbu orqanları mütəmadi olaraq Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirirlər. Halbuki, ABŞ rəsmiləri israrla bizi bu ölkədə anti-Azərbaycan mövqenin ayrı-ayrı konqresmenlərin lobbiçilik fəaliyyəti ilə məhdudlaşdığına inandırmağa çalışır. Amma təəssüf ki, ABŞ-ın region dövlətlərindən fərqli olaraq, Azərbaycana qarşı ikili standartlar siyasəti hər zaman özünü qabarıq şəkildə göstərib. Ən real nümunələrdən biri supergücün Gürcüstana, Ukraynaya ərazi bütövlüyü məsələsində verdiyi dəstəyi heç zaman Azərbaycana münasibətdə sərgiləməməsidir. Amerikanın əvvəlcə Azərbaycanda, sonra Gürcüstanda səfiri olmuş Ross Uilson Tbilisidə açıq şəkildə Rusiyanı öz qoşunlarını Gürcüstan ərazisindən çıxarmağa çağırırdı, Gürcüstanın ərazi bütövlüyünə dəstək verirdi, Azərbaycanda işlədiyi zaman isə bir dəfə də olsun Ermənistanı qoşunlarını işğal olunmuş torpaqlardan çıxarmağa çağırmayıb. Bu məsələdə susmağa üstünlük verirdi”.
“Krım, Abxaziya, Cənubi Osetiya separatçılarına qarşı sanksiyalar tətbiq edən ABŞ Bako Saakyan başda olmaqla bütün erməni separatçıbaşılarına Ermənistandakı səfirliyi vasitəsilə Birləşmiş Ştatlara səfər üçün vizalar verirdi. Bununla da separatizmi daha da alovlandırmış olurdu. Bu münasibət haqlı olaraq Azərbaycan cəmiyyətində ikrah hissi yaradır”, – o qeyd edib.
Milli Məclisin üzvü xatırladıb ki, eyni zamanda, məlum “Demokratiya sammiti”nə Ermənistanın dəvət alması, Türkiyə və Azərbaycanın kənarda saxlanmasını da yada salmaq lazımdır:
“Bu demokratiyadan tamamilə uzaq olan sammitə fundamental insan hüquqlarının pozulduğu ölkələrin dəvət alması təəssüf doğurur. Məsələ burasındadır ki, sammit ərəfəsində Ermənistanda keçirilən etiraz aksiyalarının qəddarlıqla dağıdılmasına, ümumilikdə 2100-dən çox etirazçının saxlanması, həmçinin, siyasi səbəblərdən bir sıra vətəndaşların Ermənistana girişinə qadağa qoyulmasına rəğmən işğalçı ölkə sammitdə iştirak edirdi. Yəni, “demokratiya sammiti”nin ikili standartlar prinsipi ilə hərərkət etməsinin şahidi olduq. Bu azmış kimi, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin 2022-ci ildə Ermənistana səfəri, onun saxta soyqırımı ilə bağlı “axıtdığı timsah göz yaşları” və səsləndirdiyi ermənipərəsət bəyanatlarını da yaxşı xatırlayırıq”.
K.Nurullayeva vurğulayıb ki, bu cür yanaşma ilə, bu siyasətlə ABŞ özünün Cənubi Qafqazdakı mövqelərinə zərbə vurur:
“Bütün tərəfdaşlar Azərbaycan kimi etibarlı ölkə ilə əməkdaşlıqda maraqlıdır. Təbii ki, bu əməkdaşlıq Azərbaycanın özü üçün də vacibdir. Amma rəsmi Bakı üçün milli maraqlar bütün maraqlardan üstündür və tərəfdaşlar bu faktoru heç bir halda gözardı etməməlidir”.