Balkanlarda ən dərin izlər buraxan Türk (Osmanlı) mədəniyyətidir – Səfər qeydləri – II yazı

əvvəli burada- https://aktualinfo.org/2023/08/07/bolqaristanin-q%c9%99dim-plovdiv-s%c9%99h%c9%99rind%c9%99-turk-izi-s%c9%99f%c9%99r-qeydl%c9%99ri-i-yazi/

 

Avtobusumuz saat 13-00-da Bolqarıstandan Serbiyaya çıxış gömrüyünə çatsa da, burada yoğun tıxacdan dolayı saatlarca gözləməli olduq. Onu da qeyd edək ki, tıxacda dayanan avtobus, TIR və minik maşınlarının 80%-i Türk maşınları idi. Hətta söhbətlərdə bunun qəsdən edildiyi də danışılırdı. 3 saat gözlədikdən sonra nəhayət Serbiya gömrüyünün ərazisinə keçdik. Serbiya gömrüyində avtobusu cərimə edəcəklər deyə əlavə 50 dəqiqə də saxladılar. Saat artıq 18-00 olurdu və biz yorğun-arğın gözləməkdə davam edirdik.

Gömrük keçid məntəqəsini keçdikdən sonra bir az da irəliləyib avtobus yolayrıcında  saxladı. Burada xeyli vaxt bələdçimiz Sedat bəyi gözlədik. Vüqar müəllim da fürsəti fövtə vermədi və yaxınlıqdakı ağaclardan alça, qoz və s. meyvələr topladı. Nəhayət Niş şəhərindən o da gəlib çıxdı və bizə qoşuldu. Onun müşayəti ilə yolumuza davam etdik.

Axşam hava qaralmamış Serbiyanın paytaxtı Belqrada yetişdik. Şəhərə daxil olanda ilk baxışdan bizə tipik sovet dönəminin şəhərini xatırlatdı. Trolleybusları görəndə Sumqayıta oxşar bir şəhər olduğunu zənn etdik. Lakin səhərisi gün zənnimizin bizi aldatdığını, Balkanların Qapısı adlanan Belqradın gözəl bir şəhər olduğunu gördük. Burda yerli saat Bakı ilə müqayisədə 2 saat geri idi. Yerli vaxtla saat 21-00-da şəhərin mərkəzinə gəldik. Burada polis kardonu bizi saxladı. Məlumat aldıq ki, maskalanmış şəxslər mitinq etdiyindən yolları bağlayıblar. Bir saat ərzində şəhərin mərkəzində çıxış üçün 3 dəfə dolandıq. Nəhayətində mehmanxanaya gedən yolu naviqasiya vasitəsi ilə müəyyən etsək də, bu dəfə də tıxaca düşdük, nə isə yeni günə qədəm basarkən gecələyəcəyimiz “Tripadvisor” mehmanxanaya çatdıq. Gecə vaxtı tez-tələsik axşam yeməyi yeyib, açarları alıb otaqlarımıza çəkildik.

Mehmanxanadakı səhər yeməyindən sonra şəhərə gəzintiyə çıxdıq. Bu zaman da bir xeyli gecikdik. Buna səbəb dünənki səyahətimizin  çox yorucu olması,  hələ hamının tam özünə gələ bilməməsi idi. Gülməli hal yaranmışdı, hətta bəziləri özlərini unudub müəyyən əşyalarını belə oteldə qoymuşdular.

Bir daha xatırladaq ki, Balkan turumuz ASKEF-in (Avrasya Sanat Kültür Edebiyat ve Bilim Federasyonu), onun yaradıçısı və başqanı Savaş bəy Ünalın təşəbbüsü ilə həyata keçirilirdi. Səfərimizin bir qayəsi də Balkanlarda dərin iz buraxmış Türk mədəniyyətini keçdiyimiz yerlərdə gözlərimiz ilə görüb öyrənmək idi. Ona görə də, Balkanların hər yerində  əcdadlarımızın imzalarını axtarırdıq. 1459-1878-ci illərdə Osmanlı İmperatorluğunun hakimiyyəti altında olduğundan Serbiyada da islam həyat tərzini də mənimsəmişdilər. Serb nüfuzunun bir qismi islamiyyəti belə qəbul etmişdir. Ona görə Türk ətkisini şəhər və kənd yapısında, yeyəcək-içəcəklərdə, geyim, dil və ədəbiyyatda görmək mümkün idi. Demək olar ki, Serbiyadakı həyatın çeşidli alanlarında Türk damğasını görə bilirdik. Biz Belqradın bugünkü yer adlarında buna rast gəldik. Məsələn: Ada-Çingənə adası, Dorcol-dörd yol, Taşmaydan –daş meydanı, Konak-Prens Miloşun qonağı, Cami, Mescid və s. demək olar ki. Türklərin gətirdiyi yiyəcək və içəcək çeşitləri Serb mətbəxinin təməlini təşkil edir. Sarma (dolama), bibər dolması, plov, börək (xəmir), paxlava, bəhməz, şərbət, qəhvə, reçel (mürəbbə) burda çox sevilir. Evlərdə Türklərə xas sandıqdan, kilimdən və səccadələrdən istifadə edilir. Keçmişdən səkkiz mindən çox Türk sözü Serb dilinə keçmişdir. Günümüzdə burada həyatın bütün sahələrində Türk sözlərinə rast gəlmək mümkündür. Bunlar serbcə də eyni məna verirlər: yastıq, yorğan, qaşıq, corab, boya, para, çardaq, kapı, qüllə, uğursuz və s, və s. kimi sözlər.

Amma bunlarla yanaşı bir şeyi heç zaman unutmaq lazım deyildir ki, 1807-ci ildə Belqrad şəhəri Osmanlıların əlindən alındığında üsyançılar şəhərdə yaşayan bütün Türkləri qətl etmiş, ən gözəl qadın və qızları  isə seçərək özlərinə hərəm etmişdirlər. Bəzilərini isə hədiyyə edərək qulluqçuları ilə evləndirmişdirlər.

Seblərin indi də millətçilik hirsləri, çatışmalar, zorbalıqları qalmaqdadır. Kosovo albanları və serblər üçün hələ də münaqişə həll edilməyib. Görünür ki, 1999-cu ildə NATO qüvvələrinin Serbiyanı bombalamasını tez unudublar.

Nə isə… Biz vaxtımızı əsasən Dunay çayının sahilində, Dunay çayı ilə Sava çayının birləşdiyi ərazidə keçirdik. Bir az da şəhərin bəzi yerlərində olduq. Biz serblərin 1-ci və 2-ci dünya müharbələri zamanı istifadə olunan ağır silahlarından təşkil olunmuş açıq muzeyini də gəzdik.Bu muzey olduqca maraqlı idi.

Serbiyanın pul vahidi dinar adlanır. Serblər ancaq dinarla bizim alış-veriş etməmizi istəyirdilər. Avro işlənsə də avro ilə alver etmək istəmirdilər. Avro ilə hər şeyi çox baha satırdılar. Adi tualet xidməti belə bir avro idi. Bizim bir manat hardasa 62-63 dinar təşkil edirdi. O üzdən burda alış-veriş etməyə dəymirdi. Amma şəhərin olduğumuz görkəmli yerlərində gəzi yoldaşlarımız “ Mən burda olmuşam”-deyəcəklərini təstiqləmək üçün  tez-tələsik selfi və şəkil də çəkə bildilər.

Vaxt darlığından Osmanlı dönəmində təmir edilərək gücləndirilmiş Belqrad qalasını, Belqrad Bayraqlı Camini görə bilmədik. Həm də buna yoldaşlarımızın bəzilərinin dəstədən ayrılıb yad şəhərdə geri qalmaları da nədən oldu. Elə Belqrad şəhərində də vaxtımızın bir saatı Gülyanaz xanım və Nailə xanımın axtarışına getdi. Sağ olsun Vüqar müəllimi, onların axırıncı olaraq hansı mağazaya girdilkərini gördüyündən gedib tapıb gətirə bildi. Xeyli sevindik ki, deyəsən bir az tez gedə biləcəyik. Beləliklə, 16 iyulun saat 13-00 radələrində Bosniya-Herseqovinaya getmək üçün yola rəvan ola bildik.

Bir daha əmin olduq ki, Türk(Osmanlı) mirası bizim ən qalıcı mirasımızdır. Balkan türk sözü olub “dağ” mənasını verir. Balkanlarda ən dərin izlər buraxan, şübhəsiz ki, Türk (Osmanlı)  mədəniyyətidir (sivilizasiyasıdır). Ona görə də bölgənin “Türk (Osmanlı) Balkanı” olduğunu söyləyə bilərik. Balkanları Balkan edən hələ də mövcud olan Türk (Osmanlı) izləridir. Balkan bu düşüncələrsiz düşünülə bilməz. Yazımızın məqsədi də bir neçə nümunəyə və gördüklərimizə əsaslanaraq bu gerçəkliyi Sizlərə yaxından izah etmək və işıqlandırmaq idi.

 

 

 

Əli Vəliyev

Vüqar Abduyev

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password