Zaxarova Paşinyanı tənqid etdi
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova Ermənistanın baş naziri Nikol Paşinyanı Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş rus sülhməramlıları barədə fikirlərinə görə tənqid edib.
Zaxarova həftəlik brifinqdə Paşinyanın rus sülhməramlıları barədə fikirlərinin tamamilə anlaşılmaz olduğunu qeyd edib.
“Doğrudanmı Ermənistan rəhbərliyinin nöqteyi-nəzərindən bu fəaliyyət lazımsız və arzuolunmazdır və onlar bunun olmamasını istəyirlər? Yəni bir şəkildə müəyyənləşdirmək lazımdır. Təəssüf ki, Ermənistan rəhbərliyinin nümayəndələrinin bir sıra mühüm məsələlər üzrə ikibaşlı mövqe tutduqlarını tez-tez görürük, çox istərdik ki, bu maddə ilə bağlı ikibaşlılıq olmasın. Çünki sözlərlə jonqlyorluğun sonu yaxşı olmur”, – deyə o əlavə edib.
Xatırladaq ki, Paşinyan ötən həftə Rusiyanı vasitəçilik səylərinin azalmasında ittiham edib və Azərbaycan ərazisindəki rus sülhməramlılarının beynəlxalq missiya ilə əvəz olunması barədə fikir irəli sürüb.
Qeyd edək ki, rus sülhməramlı kontingenti Azərbaycanın Qarabağ bölgəsində 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanata əsasən yerləşdirilib.
Bundan başqa, Paşinyan Rusiyanın Ermənistan-Azərbaycan danışıqlar prosesində aktivliyinin “Ukraynadakı hadisələrlə əlaqədar olaraq azaldığını”, son zamanlarda Qərb platformalarında görüşlərin üstünlük təşkil etdiyini deyib.