Milli Kino Günü: Məşhurlar nə deyirlər?
Azərbaycan kinosunun tarixi 1898-ci il avqustun 2-dən başlayır. Həmin gün Bakıda fotoqraf və kinooperator Aleksandr Mişon çəkdiyi bir neçə kinosüjeti (“Bibiheybətdə neft fontanı yanğını”, “Qafqaz rəqsi” və s.) nümayiş etdirib.
1923-cü ildə ölkəmizdə “Azərbaycanfilm” kinostudiyası yaranıb. 1920-ci illərdə səssiz filmlər, 1936-cı ildə ilk səsli, 1950-ci illərdə isə rəngli filmlər çəkilməyə başlayıb.
Prezident Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli fərmanı ilə 2 avqust ölkəmizdə kino işçilərinin peşə bayramı kimi elan olunub.
Bu il Azərbaycan kinosunun 125, “Azərbaycanfilm”in isə 100 illiyidir.
Tanınmış kino xadimləri kinomuzun bu günü, gələcəyi ilə bağlı fikirlərini, arzu, istəklərini Teleqraf.com-la bölüşüblər.
(Rasim Balayev rejissor Eldar Quliyevin “Bəbək” filmində)
“İnanıram ki, kinomuz əvvəlki simasına qayıdacaq”
Xalq artisti Rasim Balayev:
“Obyektiv və ya subyektiv səbəblərə görə Azərbaycan kinosu çətin günlər yaşayır. Amma bizim uzun illər yaxşı filmlərimiz olub. Artıq əlaqədar təşkilatlar, nazirliklər kino sahəsi ilə ciddi məşğuldurlar. İnanıram ki, Azərbaycan kinosu yaxın gələcəkdə özünün əvvəlki simasına qayıdacaq və ölkəmizdə yenidən yaxşı filmlər çəkiləcək.
Kino ittifaqlarının birləşməsinə gəlincə, mən hər zaman bunun tərəfində olmuşam. Düşünürəm ki, güc birlikdədir. Kino xadimlərimiz bir ittifaqda birləşsələr, daha səmərəli işlər görüləcək”.
(Zemfira Sadıqova rejissor Gülbəniz Əzimzadə və Anar Rzayevin birgə işi olan “Dantenin yubileyi” filmində)
“Film çəkilişlərinə həsrət qalmışıq”
Əməkdar artist Zemfira Sadıqova:
“Arzu edirəm ki, tezliklə Azərbaycanda çoxlu bədii filmlər çəkilsin. İnsanları düşündürən, onları tərbiyəli yola çəkən filmlər… İstəyirəm ki, keçmiş retro filmlər kimi yenə də baxımlı filmlər ənənəsi davam etsin, kinematoqrafçılar tezliklə yeni, maraqlı filmlər çəkməyə başlasınlar. Çünki aktyorlar, rejissorlar və eləcə də kinonun müxtəlif sahəsində çalışan insanlar neçə illərdir ki, filmlərin çəkilişinə həsrət qalıblar.
Ümid edirəm ki, yeni nazirimiz bu işə əncam çəkər”.
(Elxan Cəfərov rejissor Eldar Quliyevin “Təxribat” filmində)
“Dövlət strukturlarının kinomuza münasibəti ciddiləşib”
Əməkdar incəsənət xadimi, rejissor Elxan Cəfərov:
“Arzum budur ki, Azərbaycanda ciddi kino istehsalına start verilsin. İnanıram ki, hazırda kinomuzda baş verən administrativ dəyişikliklərin bir xeyri olacaq. Biz – kino xadimləri çox ümidliyik ki, Azərbaycan kinosu bu ildən başlayaraq ciddi istehsal rejiminə keçəcək. Çəkdiyimiz filmlər həm xalqımızı sevindirəcək, həm də bizə dünyada şöhrət qazandıracaq.
Kino sahəsinin yeni eraya qədəm qoyması ölkəmiz üçün bilavasitə xeyirli olacaq. Bu o deməkdir ki, dövlət strukturlarının kinomuza, kinematoqrafçılara münasibəti daha da ciddiləşib. Bu, çox müsbət faktordur”.
(Zemfira Əbdülsəmədova rejissor Emil Quliyevin “Pərdə” filmində)
“Kinoya ayrılan maliyyə daha keyfiyyətli filmlərin çəkilməsinə xərclənsin”
Aktrisa Zemfira Əbdülsəmədova:
“İstəyirəm ki, aktyorların, rejissorların – kino adamlarının rifahı daha yaxşı olsun. Yəni həm yaradıcılıq, həm də maddiyyat baxımından.
Düşünürəm ki, kino ittifaqlarının birləşməsi kinomuzun inkişafına gətirib çıxaracaq, artıq ikitirəlik yaranmayacaq, kinonun inkişafı naminə hamı birləşib eyni yerə çəkici vuracaq.
İndiyə qədər görülən işlər mənə görə qənaətbəxş deyil, amma bundan sonra inanıram ki, atılacaq addımlar kinonun rifahı naminə olacaq.
Hazırda kinoya müəyyən büdcə ayrılır, amma istəyirəm ki, bu büdcə daha keyfiyyətli filmlərin çəkilməsi naminə xərclənsin və bundan həm kino sahəsində çalışan yaradıcı insanlar, həm də tamaşaçılar böyük zövq alsınlar.
Aydın məsələdir ki, yaradıcılıq bir kənara, film yaxşı maliyyə tələb edir. Kinoya yaxşı maliyyə ayrılsa Azərbaycan reallığını, zəfərimizi əks etdirən yaxşı filmlər çəkə bilərik və çəkilməlidir. Həqiqətən də kəmiyyət və keyfiyyət bir-biri ilə uyğunlaşarsa, bu, çox gözəl nəticə verə bilər. İnanıram ki, bundan sonra bu kimi detallara diqqət yetiriləcək”.
(Elnur Kərimov rejissor Nicat Feyzullayevin “Küçələrə su səpmişəm” filmində)
“Bu il yeni kino erasının başlanğıcı olmalıdır”
Əməkdar artist Elnur Kərimov:
“2023-cü il “Azərbaycanfilm”in 100, Azərbaycan kinosunun 125, ulu öndər Heydər Əliyevin də ildönümüdür. Düşünürəm ki, bunun özəl bir bağlılığı var. Kinomuzun ən çətin anlarında filmlərin çəkilməsində ulu öndərin böyük xidmətləri olub. “Nəsimi” filmi bunun bariz nümunəsidir. Eyni zamanda mən bunu “Uzaq sahillərdə” filminə şamil edə bilərəm, çünki Mixaylonun – Mehdi Hüseynzadənin böyük qəhrəmana çevrilməsini film vasitəsilə bütün dünyaya çatdıra bildik.
Sevinirəm ki, mən də Azərbaycan milli kinosunun kiçik bir hissəsiyəm. 5 il öncə mən kinomuzun 120 illiyində əməkdar artist adına layiq görüldüm.
Bu ilin aprel ayında ölkəmizdə keçirilən kino forumunda bir çox fikir və problemlər dilə gətirildi və bütün bunlar lazımi ünvanlara çatdırıldı.
Kinomuzun inkişafı, gələcəyi üçün atılan addımlardan biri də kino ittifaqlarının birləşməsi oldu. Bu bizim hər birimizin qəlbinə rahatlıq verdi. İstəyirəm ki, sizin vasitənizlə kinonun inkişafında xidmətləri olan gənclərə də öz minnətdarlığımı bildirim. Çünki bir qrup gənc rejissor, yaradıcı insan öz hesabına və ya dövlət dəstəyi ilə filmlər çəkirlər. Bu filmlərin bir çoxu beynəlxalq festivallarda nümayiş etdirilir və yaxşı nəticələr əldə edir. Geniş ictimaiyyət bundan xəbərdar olmasa da, mən aparıcısı olduğum “Gün başladı” verilişində mütəmadi olaraq bu mövzunu gündəmdə saxlamağa çalışıram. Həmin filmləri çəkən gəncləri, yaradıcı heyəti tez-tez verilişə dəvət edir, onları xalqımıza tanıtdırırıq.
İnanıram ki, kinomuzun tarixi kimi gələcəyi də şərəfli olacaq. Bu il yeni kino erasının başlanğıcı olmalıdır. Azərbaycan kinosu yaşamalıdır”./oxu.az