“Bu, bütün regionun taleyini müsbətə doğru dəyişən missiyaya çevrildi”
Prezident İlham Əliyev “Euronews” kanalına müsahibəsində sülh prosesinin müharibədən sonrakı bir sıra məqamlarını aydınlaşdırdı, eyni zamanda prosesi sülh sazişinin imzalanmasına qədər inkişaf etdirməyə imkan verən bir sıra çox vacib məqamları ortaya çıxardı.
Bunu açıqlamasında “Bakı xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.
A.Quliyev qeyd edib ki, Prezident İlham Əliyevin “müharibədən sonra sülh prosesinin müəllifi Azərbaycan oldu” bəyanatının bir neçə yüz milyonluq Avropa ayditoriyasına çox əhəmiyyətli təsir gücü var. Azərbaycanın guya davamlı sülh istəmədiyi, Ermənistanın ərazi bütövlüyünü tanımadığı və Qarabağ erməniləri üçün genosid mühiti hazırladığı barədə nağıllar hələ də quraşdırılır, Ermənistanın qeyri- real və revanşist post- müharibə siyasətinin ifşa edilməsində Azərbaycanın ən böyük sülh təşəbbüskarı olması bəyanatı mühüm rol oynayır.
“Prezident İlham Əliyevin müharibədə qalib gəlmək missiyası təkcə Azərbaycanın yox, bütün regionun məsələsidir. Azərbaycan Prezidentinin müharibədə qələbəsi bütün regionun taleyini dəyişən missiyaya çevrildi.Çünki Prezident İlham Əliyevin uğurlu müharibə missiyası böyük bir coğrafiyanı real faşizm təhlükəsindən xilas etdi”, – deyə A.Quliyev əlavə edib.
A.Quliyev qeyd edib ki, Prezident İlham Əliyevin hazırkı vəziyyətlə bağlı açıqlamaları sülh prosesinin daha sürətlə irəli aparılmasına böyük təsir göstərəcək.
Prezident İlham Əliyev bir çox məsələlərin əsil mahiyyətini izah etdi və müəyyən pozucu dairələrin vəziyyəti qəsdən mürəkkəbləşdirmək oyunlarına işıq saldı.
Azərbaycanın heç bir ərazi iddiasının olmadığı barədə birmənalı bəyanat sülh prosesini gecikdirməyə çalışan Ermənistanın əl- qolunu bağlayır, manevrlərini heçə endirir. Prezident İlham Əliyevin bu bəyanatı bir daha göstərir ki, sülh ən yaxın vaxtda imzalana bilər, onu gecikdirən tərəf Azərbaycan deyil və Ermənistana heç bir ərazi iddiası olmayan Azərbaycanın hazırda möhkəm sülh sazişindən önəmli məqsədi ola bilməz.
Azərbaycan Prezidentinin Yerevan və Qarabağ ermənilərinə mesajlarının ayrıca sual çərçivəsində təqdimatı da əhəmiyyətli hadisə oldu.Prezidentin mesajları bütünlüklə erməni cəmiyyətinin müharibə- sülh məsələsinə münasibətinə təsirsiz qalmayacaq.Prezidentimizin əsaslı izahları Qarabağ ermənilərinin separatçı ambisiyalara necə dəhşətli girov düşdüklərini anlamaqda onlara çox kömək edəcək”.