“Qərb də, Rusiya da, İran da istəyir ki, erməni icması Qarabağda qalsın…” – Ərəstun Oruclu
“Ermənistandan “humanitar yardım” adı altında Qarabağın dağlıq hissəsində məskunlaşdırılmış ermənilərə göndərilən həmin o 400 ton yük olayının təşkilatçı olaraq arxasında kimin durmasını söyləmək çətindir. Amma hər bir halda Qərbin bu işdə marağının olduğu açıq-aydın görünür”.
Bunu “Son təxminən bir həftə ərzində gündəmi zəbt etmiş Ermənistanın 19 TIR-ının “Laçın” sərhəd-nəzarət məntəqəsinə dirənməsi oyununu, sizcə, hansı güclər qurub və bundan məqsəd nədir?” sualını cavablandırarkən Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu söyləyib.
“Məsələn, biz görürük ki, ABŞ Dövlət katibi bəhs edilən olayla bağlı şənbə günü İlham Əliyevlə özəl bir telefon danışığı aparıb. Və həmin danışıqda söhbət yalnız və yalnız Entoni Blinkenin “Dağlıq Qarabağ” adlandırdığı bölgədə hansısa humanitar problemlərdən gedirdi. Və təbii ki, ABŞ açıq şəkildə göstərdi ki, o bu aksiyanı dəstəkləyir. Dəstəkləyirsə, deməli, ən azı, hardasa bu razılaşdırılıbdı. Amerika ilə, məsələn, Avropa Birliyinin bu məsələdə mövqeyi eynidirmi? Mümkündür ki, eyni olsun. Çünki sülh danışıqları prosesinin özü belə, əsasən Avropa Bilriyinin vasitəşiliyi ilə getsə də, Ağ Ev də bu prosesi dəstəkləyir və mütəmadi olaraq Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda görüşünü təşkil edir. Məqsəd nədir? Məqsədləri, əlbəttə ki, “Dağlıq Qarabağ” dedikləri Qarabağın həmin dağlıq hissəsində yaşayan erməni icmasını Azərbaycanın tərkibində qoruyub saxlamaqdır. Əminəm ki, bunu istənilən aparıcı dünya ölkəsi istəyir. Təbii ki, söhbət Türkiyədən getmir. Qərb də istəyir ki, erməni icması Qarabağda qalsın. Rusiya da istəyir, İran da… Və hər birinin öz marağı var. Çünki bu tipli münaqişə və ya potensial münaqişə ocaqları hər zaman bölgəyə bu və ya digər şəkildə geo-siyasi müdaxilə imkanları yaradır. Ona görə də heç kəs bu vasitənin itirilməsini istəmir. Mən bunu belə başa düşürəm”.
“Bu olayın sonluğunu necə görürsünüz?” sualını isə analitik belə cavablandırıb:
“Məsələ çözüləcəkmi? Bunu deyə bilmərəm… Azərbaycan hakimiyyəti hələlik olduqca birmənalı mövqe nümayiş etdirir. Və bu TIR oyununa müqavimət təbliğat vasitələrində faktiki olaraq hakimiyyətin bir nüfuz simvoluna çevrilib. Amma düşünürəm ki, bu məsələdə hər hansı bir kompromis axtarılmasında Türkiyədə keçirilən görüşlər rol oynaya bilər. Yəni Azərbaycan xarici işlər nazirinin Ankaraya səfəri və onun Ərdoğanla və türkiyəli həmkarı Hakan Fidanla görüşlərini nəzərdə tuturam. Həmin görüşlərin hansı şəkildə rol oynayacağını söyləmək çətindir. Ola bilsin ki, hansısa bir qarşılıqlı kompromis variantı düşünüb tapa bilərlər. Yox, əgər bu variant tapılmayacaqsa, təbii ki, o yüklərin də Qarabağa buraxılması mümkün olmayacaq. Bu da Azərbaycanla Ermənistan arasındakı sülh prosesinin istər-istəməz uzanmasına və hətta ola bilər ki, ümumiyyətlə, danışıqların dayandırılmasına gətirib çıxarsın.”/Moderator.az-a