İntihar edəcəyini deyən Qarabağ Qazisi Bahar Muradovaya müraciət etdi: Sevimli kadrına “DUR” de!
Sayqılı oxucularımıza da məlum olduğu kimi, bir neçə gün əvvəl Qarabağ Müharibəsi Qazisi Səfərov Azər Saleh oğlunun redaksiyamıza ünvanladığı şikayət məktubu əsasında “Bahar Muradovanın kadrının adı Qazinin təhdidində hallanır -TƏFƏRRÜAT” başlıqlı yazı dərc etmişdik.(Yazını bu linkdən oxuya bilərsiniz: https://yenixeber.org/sosial/153794-bahar-muradovanın-kadrının-adı-qazinin-təhdidində-hallanır.html)
Yazıda hörmətli Qazimizin Yevlax rayon Qoyunbinəsi kəndinin keçmiş bələdiyyə sədri Məmmədov Qabil Süleyman oğlu tərəfindən haqsızlığa məruz qalmasından, ona və ailəsinə məxsus torpaq sahəsinin əllərindən alınmasından bəhs olunurdu. Xüsusi ilə vurğulanan məqam isə sabiq bələdiyyə sədrinin müxtəlif dövlət strukturlarında vəzifə tutan övladlarının vəzifə səlahiyyətlərindən sui-istifadəsi idi…
Bu gün isə sayqıdəyər Qazimiz qarşılaşdığı problemlə bağlı “Yenixeber.org”a müsahibə verməli oldu:
Əvvəlcə, icazənizlə özüm haqqında: Mən, Səfərov Azər Saleh oğlu 1975-ci il 7 yanvarda Yevlax rayonunda doğulmuşam. 1992 -ci ilin iyul ayında könullu olaraq ön cəbhəyə yollanmışam. “N” saylı h /h -nin tərkibində Laçın dəhlizində gedən döyüşlərdə fəal iştirak etmişəm. Agdərə istiqamətində aparılan əməliyyatların iştirakçısı olmuşam. Vəng yüksəkliyində gedən ağır döyüşlərin birində yaralanmışam. Hazırda Qarabağ qazisiyəm, Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun Sabunçu Rayon Təşkilatının sədriyəm.
Ötən yazımızdan sonra qarşı tərəf sizin məlum problemlə bağlı iddia edir ki, torpaq sahəsi 1995-ci ildə “Avdılar” Kəndli Fermer Təsərrüfatı (KFT) mülkiyyətində və faktiki istifadəsində olmuş və 28 il ərzində siz və ailəniz bununla bağlı hər hansı iddia irəli sürməmisiniz. Bu iddia nə dərəcədə doğrudur və əgər doğrudursa hansı səbəblərdən qaynaqlanır?
Əvvəla bildirim ki, “Avdılar” KFT-nin iddia olunan heç bir torpaq sahəsi özünün olmayıb. 1998 -ci ildə ölkənin hər yerində olduğu kimi bizim kənddə də torpaq islahatları aparılıb. Mənə və 4 ailə üzvümüzə 6,6 hektar torpaq sahəsi ayrılıb. Məlum olduğu kimi, torpaq sahəsi ilə bağlı ən vacib sənəd Dövlət Aktıdır. 1995 -ci ildə heç kimə 50 hektar torpaq sahəsi verilə bilməzdi.
Yaxın qohum olduğumuz üçün atamla danışığı olmuşdu ki, bizimlə halallaşacaq.
Lakin, gözlənilməz hadisələr oldu, ağlımıza gələməyənlər başımıza gəldi: 2019-cu ildə bizim adımızdan saxta sənəd düzəldərək bizim torpağımıza sahiblənmək istədi.
Onlarn özünə aid pay torpaqları var idi. Lakin 50 hektar deyildi. Qeyd etdiyim kimi, bu faktdır ki, o dövrdə heç kimə 50 hektar torpaq sahəsi verilmirdi. Burada söhbət qanuni pay torpaqlarından gedir. Bununla bağlı 04. 05. 2022-ci ildə Yevlax Rayon Prokurorluğunda və Polis İdarəsində müvafiq araşdırma aparılmış, müəyyən edilmişdir ki, Qabil Məmmədov sənədləri saxtalaşdırıb. Hətta buna görə də ona CM-nin 320.2-ci maddəsi ilə cinayət işi açılmışdı. Müddət ötdüyü üçün xitam verilmişdir. Amma məsuliyyət üzərində qalır.
Bəs sonrakı proseslər necə cərəyan elədi? Mən Məhkəmə mərhələlərini nəzərdə tuturam…
Nəhayət, məlum qayda-qanunlara uyğun olaraq Məhkəməyə üz tutduq. Bütün Məkəmə proseslərinə açıq və qanunsuz müdaxilələr olurdu. Bu müdaxilələrin başında da Qabil Məmmədovun oğlu Rahil Süleymanzadə durur. O, Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsində məsul vəzifədə işləyir. Və vəzifə səlahiyyətlərindən də açıq və kobud şəkildə sui-istifadə edir. Mən bu özbaşınalıqla bağlı sözügedən komitənin rəhbərliyinə də dəfələrlə müraciət etmişəm. Təəssüf ki, belə anlaşılır ki, Rahil Süleymanzadəyə bu “səlahiyyət” elə komitə rəhbərliyi tərəfindən verilib… Bunun başqa adı isə yumşaq desək məmur özbaşınalığıdır.
Bundan əlavə Rahil Süleymanzadənin bacısı Əsgərzadə Vəfa Ombudsman Aparatında, qardaşı Məmmədzadə Elşən isə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində məsul vəzifələrdə işləyirlər. Onlar da öz nüfuz və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək məhkəməyə və digər dövlət strukturlarına təzyiq edirlər. Onu da qeyd edim ki, bu işdə vəzifə ilə bərabər, onların maddi imkanları da əhəmiyyətli rol oynayır. Pulları çox olduğu ücün himayədarları da çoxdur. Biz haqlı olsaq da, çətin vəziyyətdə qalmışıq. 4 ildir ailəmin və mənim başıma gətirmədikləri oyunlar qalmayıb. Ən dəhşətlisi də odur ki, onların bizə təzyiq və hədələri getdikcə artır.
(Yeri gəlmişkən onu da, bildirim ki, bunların bu saxtakarlıqları təkcə bizə qarşı deyil, 41 nəfər kənd sakini bunların “qurbanlıq”larına çevrilib.)
27. 12. 2022 -ci ildə Yevlax rayonunda Məhkəmə zalında hakim Toğrul Əliyevin gözu qarşısında Rahil Süleymanzadə atamı və qardaşımı qışqıra-qışqıra hədələyirdi. Rahil Suleymanzadə elə Məhkəmə zalında heç kimdən qorxub-çəkinmədən bizə hədə-qorxu gəlirdi. Açıq şəkildə deyir ki, mənim arxamda o boyda Komitə dayanıb, bəs sizin arxanızda kim dayanıb?
Mən ona etiraz etsəm də, hakim məni həbslə hədələdi. İstər Ombudsman Aparatı olsun, istərsə də Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsi olsun, onları ona görə yaradıblar ki, xalqa xidmət etsin. Daha insanların hüquqlarını ayaqlar altına atmasınlar. Bunların özbaşınalıqları ilə bağlı minlərlə ərizə yazmışıq Bahar Muradovaya, Səbinə Əliyevaya… .
Mən, Bahar Muradovaya muraciət etdim ki, əməkdaşının hansı oyunlardan çıxdığını bilsin və onun haqqında tədbir görsün. Təəssüflər olsun ki, bu vaxta qədər heç bir tədbir görülməyib. Hansı səbəbdənsə bu komitə həqiqəti uzə çıxartmaq istəmir. Bu da bizə əsas verir deyək ki, bu işin arxasında həqiqətən də elə Bahar xanım durur.
Mən buradan bir daha Bahar Muradovaya müraciət edirəm: sevimli kadrı Rahil Süleymanzadəyə “DUR” desin!
Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin və Ombudsman Aparatının əməkdaşlarının atası hektarlarla torpaq sahələrini saxta sənədlərlə ələ keçirir, çirkli pulların sayəsində varlanır. Obudsman Aparatının rəhbəri və Komitə sədri isə buna göz yumur.
Bu qalmaqalda qardaşınızın yaşadığı evlə də bağlı söz-söhbət var. Qarşı tərəf bu evin sizə məxsus olmadığını iddia edir. Bəs həqiqət necədir?
Qardaşımın yaşadığı ev, baba mülküdür. Məndə o evə babam tərəfindən verilmiş vərəsəlik haqqında rəsmi sənəd var. Eləcə də, anam da o evə payçıdır.
Mən onların saxtakarlıqlarını, cinayət yolu ilə ələ kecirdikləri hektarlarla torpaq sahələrini üzə çıxartdığım üçün bizimlə düşmənçilik edirlər.
Amma, unutmasınlar nə təzyiqləri, nə təhdidləri, nə də hansısa şantajları məni yolumdan çəkindirməyəcək. Mən və ailə üzvlərimiz haqqımız olanı istəyirik. Bu qədər sadə, bu qədər bəsit.
Artıq beş ildir ki, bu Məhkəmələrdə məmur özbaşınalığından dolayı olmazın zülmünü çkirəm, dözə bilmirəm. Mən məgər bundan ötrü vətən torpağı uğunda canımı fəda etmişdim ki, halal-haqqım olan torpağımı hansısa məmurlar vəsifə səlahiyyətlərindən, pul-paralarında istifadə edib, işğal etsin?
Bu özbaşınalıqlar durmasa intihar edəcəm. Bunu da bu işdə rolu olan hər kəs bilsin.
Söhbətləşdi: Vüqar Əsgər