SOCAR-ın İsrail layihəsi: valyuta axını güclənə bilər
BP və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilk dəfə İsrailin təbii qazın kəşfiyyatı üzrə lisenziyalaşdırma raundunda iştirak ediblər. Bu isə Şərqi Aralıq dənizi hövzəsinə artan beynəlxalq marağın daha bir əlamətidir. Bu barədə “Röyters” öz mənbələrinə istinadən bildirib.
BP və SOCAR İsrailin NewMed Energy (NWMDp.TA) şirkəti ilə birlikdə bazar günü başa çatan dördüncü lisenziyalaşdırma raundu çərçivəsində iki dəniz bloku üçün müraciət ediblər.
Bəs, məsələnin bizim üçün əhəmiyyəti necə dəyərləndirilməlidir? Bunun Azərbaycan iqtisadiyyatı üçün nə kimi faydaları olacaq?
Bu barədə danışan iqtisad üzrə elmlər doktoru Elşad Məmmədov sözügedən prosesin ölkəyə valyuta axınını artıra biləcəyini deyib.
“Sözsüz ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) beynəlxalq miqyasda layihələrdə iştirakının təmin edilməsi Azərbaycan şirkətlərinin beynəlxalq səviyyədə təmsili, mövqeləşməsi nöqteyi-nəzərindən müsbət hal kimi dəyərləndirilə bilər. Bunun gələcəkdə ölkəmizə valyuta axınlarına şərait yaratması da mümkündür. Amma hesab edirəm ki, Azərbaycanda daxili neft və qaz emalı, xüsusilə neft-qaz kimyasının inkişafı ilə bağlı potensial imkanlar və çağırışlar var. Onların reallaşdırılması valyuta daxilolmaları, ölkə iqtisadiyyatının şaxələnməsi, daha yüksək texnoloji və əmək haqqı tutumlu iş yerlərinin açılmasına şərait yarada bilər”, – o bildirib.