Qarabağdakı separatçılar kimlərə, hansı mesajı göndərir?
“Qarabağın ermənidilli əhalisinə nəzarəti əlində saxlayan hərbi diktaturanın rəhbəri oturaq aksiya adlı Xankəndi şəhərində növbəti “tamaşa” nümayiş etdirdi. Qarabağdakı separatçı Arayık Artunyanın bəyanatında daha çox Ermənistan, Rusiya Federasiyası, ABŞ, Fransa, Avropa İttifaqı və BMT Təhlükəsizlik Şurasına mesaj verilir. Üstəlik, onun bəyanatının mətnində təhdid də var. Hansısa sərt addım ata biləcəklərini iddia edib”.
Bunları Strateji Araşdırmalar Mərkəzinin sabiq rəhbəri, siyasi analitik Fərhad Məmmədov deyib.
F. Məmmədov həm də A. Artunyanın mesajlarını təsnifatlaşdırıb:
“Əminəm ki, Xankəndi şəhərində təşkil edilən və Qurgenin rəhbərlik etdiyi aksiya indiki hərbi xuntanın rus sülhməramlıları ilə birlikdə vəziyyəti nəzarətdə saxlamaq, çaşqınlığın qarşısını almaq və etiraza rəhbərlik etmək cəhdidir. Çünki Qarabağ ermənilərinin sülhməramlılara qarşı Azərbaycandan daha çox iddiaları var.
Araik Ermənistana mesaj verir ki, indiki şəraitdə sülh müqaviləsi bağlamayın, əks halda Qarabağ erməniləri İrəvanda peyda olacaq və ya Qarabağ ermənilərinin silahlı təxribatından sonra Azərbaycanın hərbi əməliyyatı nəticəsində tabutlar yenidən Ermənistana gətiriləcək.
Eyni zamanda ABŞ, Fransa və Avropa İttifaqına mesaj verilir ki, Qarabağ erməniləri Azərbaycanda yaşamağa razı deyillər, biz dialoq istəyirik, amma öz şərtlərimizlə.
Rusiyaya isə bu yolla deyilir ki, biz daha yerli erməniləri idarə edə bilmirik, bir şey edin! Əks halda biz Ermənistana gedə bilərik və onda sülhməramlılar Qarabağda olmayacaq”.
F. Məmmədov A. Artunyan başda olmaqla separatçıların daha hansı addımlar ata biləcəklərindən də danışıb:
“İrəvana deyə bilərlər ki, ermənilərin Qarabağdan Ermənistana köçməsi həm Ermənistan, həm də Rusiya rəhbərliyinə bir mesajdır. Təsəvvür edin ki, Ermənistana keçmək üçün Laçın yolu ilə yürüş təşkil etsinlər. Qarabağ ermənilərinin yolunda sülhməramlıların səddi, Şuşa şəhəri yaxınlığında Azərbaycanın daxili qoşunlarının postu və Həkəri çayı üzərində nəzarət-buraxılış məntəqəsi yerləşir. Bu ssenarini həyata keçirmək üçün sülhməramlıların razılığı lazımdır, çünki birinci maneə sülhməramlıların özüdür.
Bəs sonra nə baş verə bilər?
Sonra Azərbaycanın daxili qoşunları qanuni qüvvədən istifadə edərək yürüşü Şuşa şəhərindən uzağa buraxmayacaqlar. Hətta qurbanlar da ola bilər, ermənilər yerli fəallardan bəzilərini snayper atəşi ilə öldürə bilərlər.
Üstəlik, Ermənistan silahlı qüvvələrinin Qarabağdakı qalıqlarının Azərbaycan hərbilərinə qarşı təxribat törətməsi mümkündür.
Nəticələr odur ki, Qarabağda hərbi diktaturanın vəziyyəti getdikcə pisləşir və çıxılmaz vəziyyətə düşür. Nizamsızlıq və tələskənlik hər yerdə müşahidə olunur – bunu Qurgenin çıxışı və kütlədən gələn səslər zamanı da görmək olardı”.
F. Məmmədov əlavə edib ki, Azərbaycan Brüsseldə artıq Ağdamdan Xankəndiyə keçən marşrutu gündəmə gətirib.
Bununla yanaşı, Qarabağda tərki-silah, Ermənistan silahlı qüvvələrinin qalıqlarının çıxarılması, eləcə də regionun resurs dəstəyinin Azərbaycana ötürülməsi mövzusu aktual olaraq qalır./reyting.az