Ər-Riyad və Ankara Tehranı nüvə proqramının dinc xarakter daşımasını təmin etməyə çağırıb
Səudiyyə Ərəbistanı və Türkiyə İranı nüvə proqramının dinc xarakter daşımasını təmin etməyə, həmçinin Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə əməkdaşlığı davam etdirməyə çağırıb.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Səudiyyə Ərəbistanına səfərinin yekunları üzrə qəbul edilən birgə bəyanatda deyilir.
“Tərəflər İranın nüvə proqramının dinc xarakterli olmasına və BAEA ilə şəffaf əməkdaşlığa sadiqliyinin vacibliyini vurğulayıblar, həmçinin region ölkələrinin iştirakı ilə hərtərəfli danışıqların aparılmasının və beynəlxalq sülh və təhlükəsizlik üçün təhdid olan mənbələrin aradan qaldırılmasının vacibliyini qeyd ediblər”, – Səudiyyə Ərəbistanının dövlət agentliyinin yaydığı sənəddə deyilir.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fars körfəzi ölkələrinə üçgünlük səfəri çərçivəsində Səudiyyə Ərəbistanına da gedib. Səfər çərçivəsində Ər-Riyad və Ankara arasında energetika sahəsində anlaşma memorandumu, birbaşa investisiyalar sahəsində anlaşma memorandumu, həmçinin müdafiə sənayesində birgə layihələrin həyata keçirilməsinə yönəlmiş fəaliyyət planı imzalanıb. Bundan əlavə, Krallığın Müdafiə Nazirliyi “Bayraktar” pilotsuz uçuş aparatlarının istehsalı ilə məşğul olan “Baykar” şirkəti ilə iki müqavilə imzalayıb.