NATO toplantısında Qarabağ mövzusu: Rusiya və Ermənistana xəbərdarlıq…
Türkiyə Prezidentinin Qarabağda olan rus sülhməramlı qüvvələrinin 2025-ci ildə bölgədən çıxarılması ilə bağlı açıqlaması vacib və vaxtında verilən bir bəyanatdır. Çünki istər-istəməz Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmiş sülhməramlıların atmış olduğu addımlarla tamam fərqli bir yanaşmalar ortaya çıxırdı.
Bunu Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.
Onun fikrincə hətta Qarabağda mövcud olan qanunsuz rejim və sadə ermənilər belə rus sülhməramlılarını öz təhlükəsizlikləri üçün başlıca zəmin hesab edirdi:
“Sözsüz ki, bu cür yanaşmalar vaxtaşırı olaraq dövriyyədə idi. Azərbaycan tərəfi də haqlı olaraq bu məsələ ilə bağlı özünün mövqeyini ortaya qoyub. Dövlətimizin mövqeyi Qarabağdakı ermənilərin Azərbaycana inteqrasiyasından sonra burada ikinci bir qüvvənin varlığını qəbul etmir”.
Sabiq nazir hesab edir ki, Azərbaycanın haqlı etirazının ardınca Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu bəyanatı verməsi olduqca önəmli idi:
“Bu fikrin NATO-nun Vilnüsdə keçirilən toplantısında verilməsi isə xüsusi bir məna kəsb edir. Sözsüz ki, bu bəyanatın çox müsbət nəticələri olacaq. Ermənistanda və Rusiyada başqa fikirdə olanlar Ərdoğanın bu bəyanatından lazımı nəticə çıxaracaqlar”./teleqraf.com