Rusiyanın Laçın postu ilə bağlı mövqeyi: Bayramovdan sərt cavab… – Bölgədə gərginlik artır

 

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov sualları cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

– Səməd müəllim, son günlər Azərbaycanla Rusiya arasında bir soyuqluq yaşanır. Qarşılıqlı ittihamlar var. Yüksək səviyyədə ciddi əlaqələrə və münasibətlərə malik iki tərəfdaş ölkə arasındakı gərginliyə səbəb nədir?

– Azərbaycan bütün qonşu ölkələr və tərəfdaşları ilə hər zaman münasibətlərin normal səviyyədə saxlanılmasına diqqətlə yanaşıb. Ölkəmiz həmişə milli maraqlara söykənən və bunu əks etdirən siyasət aparır. Bu nöqteyi-nəzərdən Qərb, yaxud da ki, Rusiya ilə isti və ya soyuq münasibətlərdən danışmaq bəlkə də düzgün deyil. Burada daha doğru olan yanaşma qitələrin, ölkələrin nümayəndələrinin Azərbaycanın milli maraqlarına uyğun, yaxud olmayan siyasətin aparılması məsələsinə diqqət yetirmək lazımdır. Elə məsələləri də məhz bu kontekstdə təhlil etmək olar. Sadəcə olaraq Rusiyanın bölgədə və yaxud müvəqqəti olaraq Azərbaycan ərazisində olan sülhməramlılarının vasitəsi ilə separatçılara müxtəlif formalarda dəstək verməsi qəbul edilən hal deyil.

– Rusiyan Qarabağdakı separatçılara necə dəstək olur?

– Azərbaycan ərazisinə müvəqqəti olaraq yerləşdirilmiş rus sülhməramlıları Qarabağda qalmaqda olan separatçılara, terrorçulara silah ötürür. Bununla da sülhməramlılar faktiki olaraq öz missiyalarının əksinə çıxaraq burada daha çox Rusiyanın maraqlarını müdafiə etməyə başlayır. Əslində isə sülhməramlılar bura başqa bir missiya ilə gəlmişdi. Onlar Qarabağda yaşan dinc erməni əsilli insanlarla Azərbaycan arasında normal dialoq və kommunikasiyanın yaranmasını təmin etməli idi. Amma fakt odur ki, sülhməramlılar mandatlarından kənara çıxırlar.

Ceyhun Bayramovun Rusiyaya cavabı nə dərəcədə adekvat oldu?

– Azərbaycanın sözsüz ki, bu yanaşmalara reaksiyası var və belə də olmalı idi. Xarici İşlər naziri Ceyhun Bayramovun Rusiya Xarici İşlər Nazirliyinin bəyanatına cavab olaraq dediyi fikirlər olduqca önəmli idi. Məhz Bayramov tərəfindən vurğulandı ki, Azərbaycan insan haqlarına milli maraqları nöqteyindən təhlil edir və baxır. Bu əslində Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın “Laçında blokadanı aradan götürmək lazımdır” ifadəsinə tutarlı cavab idi. Çünki o, tamamilə həqiqətdən uzaq bir məsələni gündəmə gətirmişdi.

– Qərbin Azərbaycanla bağlı bir qədər yumşaq mövqe sərgiləməsi hansı amillərlə bağlıdır? Az qala hər addımda Azərbaycanı ittiham edən Qərb Rusiya ilə ölkəmiz arasında münasibətlər bir qədər soyuyan kimi fəallığını artırır. Bu nə ilə bağlıdır?

– Burada Azərbaycanın deyil, Rusiyanın apardığı siyasətə diqqət etmək lazımdır. Sözsüz ki, son dövrlər Qərbin Azərbaycanla bağlı siyasətində bir qədər yumşalma hiss edilir. Bu mənada ABŞ-ın Ermənistandakı yeni səfirinin “Qarabağ erməniləri Azərbaycanda normal şəkildə yaşa bilər” kimi açıqlamaları diqqətdən yayına bilməz. Eyni zamanda Azərbaycan nümayəndə heyətinin ABŞ-a səfəri zamanı burada bizə qarşı olan diqqət heç də təsadüfdən baş verən hal deyildi. Son dövrlər Azərbaycanın Qoşulmama Hərəkatı ilə bağlı apardığı siyasət, İsraildə ölkəmizin səfirliyinin açılması, İranla bağlı ortaya qoyulan mövqe, Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə burada mühüm önəm kəsb edir. Bu mənada Azərbaycan-Türkiyə münasibətləri, Şərq aləminə olan yanaşmalar, Afrika və Latın Amerikası ilə bağlı atılan addımları da nəzərdən qaçırmaq olmaz. Eyni zamanda ölkəmizin beynəlxalq təşkilatlarda qaldırdığı məsələlər dünya gündəminə uyğun olan prinsiplər kimi qiymətləndirilir.

– Azərbaycanın təklif etdiyi yanaşmalara münasibət necədir?

– Dünya gündəmi ilə Azərbaycanın təklif etdiyi prinsiplərlə üst-üstə düşür. Azərbaycanın vaxtilə təklif etdiyi daha sonra isə özü tərəfindən həyata keçirilən, reallaşan situasiya həmin istiqamətdə implementasiya olunur. Bunu Rusiya-Ukrayna müharibəsində və Vilnüsdə keçirilən NATO sammitindən görmək olur.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password