Paşinyanın təlimatı Ermənistanı silkələdi: Dəyişdirilir – Şok qərar
Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsinin geribini və himnini dəyişdirməyə hazırlaşır”.
Bu barədə Ermənistanın “Past” qəzeti məlumat yayıb.
“Bizdə olan məlumata görə, Nikol Paşinyan yaxın vaxtlarda Ermənistan himni və gerbinin dəyişdirilməsi məsələsini gündəmə gətirməyi planlaşdırır. Artıq bu məqsədlə baş nazir aparatının rəhbəri Araik Arutyunyan və təhsil naziri Janna Andreasyanla bir neçə müzakirə aparılıb. Məlumata görə, toplantıda bəstəkarlar, yazıçılar, memarlar, rəssamlar iştirak ediblər, hətta yeni gerbin bir neçə variantı da var. Yaxın vaxtlarda gerb və himnin dəyişdirilməsi məsələləri üzrə peşəkar komitənin yaradılması nəzərdə tutulur. Bu komitə seçilmiş ən uğurlu variantları hazırlayıb ictimaiyyətə təqdim etməlidir.
Bu mərhələdə hakimiyyət mövzunu hələlik ictimailəşdirməmək niyyətindədir. Eyni zamanda, tədricən, münasib hallarda mövzu ilə bağlı tezislər əhval-ruhiyyəni və reaksiyaları yoxlamaq üçün ictimai sektora atılacaq”, – məlumatda deyilir.
Bundan əvvəl Paşinyan Ermənistanın himn və gerbinin dəyişdirilməsi məsələsini gündəmə gətirib. Gerb haqda danışan Ermənistan baş naziri deyib: “Orada nə göstərilir? Ağrı dağında Nuhun gəmisi və Ermənistanın dörd sülaləsinin gerbləri. Gerbə baxanda belə bir sual yaranır: bunun bizə nə dəxli var? Bunun 1991-ci ildə qurulan dövlətə nə aidiyyəti var?”.
Ayrıca, Ermənistan rəhbəri himnin dəyişdirilməsinin də zəruri olduğunu söyləyib.
Ermənistan mətbuatı Nikol Paşinyanın himn və gerbin qonşu ölkələrə ərazi iddiaları, yəni işğalçı niyyət ehtiva etdiyi üçün bu addımı atmaq istədiyini yazır. Baş nazirin açıqlaması ölkəsində etirazlara və müzakirələrə səbəb olub.