Hesablama Palatası bu il 7 auditin nəticələrini güc strukturlarına göndərib
Bu ilin I yarısında Hesablama Palatasının Naxçıvan MR üzrə İdarəsinin İş Planı üzrə keçirilmiş nəzarət tədbirləri də nəzərə alınmaqla baxılan dövrdə həm əvvəlki ilin, həm də 2023-cü ilin İş Planına əsasən keçirilmiş 7 auditin nəticələri ilə bağlı materiallar hüquq mühafizə və prokurorluq orqanlarına göndərilib.
Bu barədə Palataya istinadən xəbər verir.
Hesabat ilinin İş Planı üzrə keçirilmiş auditlərin nəticələrinə əsasən, hüquq-mühafizə və prokurorluq orqanlarına təqdim edilmiş materiallar üzrə ehtimal olunan hüquq pozuntularının məbləği təxminən 23,2 milyon manat olub.
Cari ilin İş Planına əsasən başa çatdırılmış nəzarət tədbirləri ilə aşkarlanmış 23,4 milyon manat məbləğində maliyyə pozuntuları üzrə bərpa haqqında qərar qəbul edilməyib. Bu məbləğin əsas hissəsini əhaliyə sosial xarakterli ödəniş təşkil edir. Audit zamanı rast gəlinən pozuntular arasında vəsaitin təyinatdankənar istifadəsi, satınalma tətbiq olunmadan vəsaitin icrası, vəsaitlərin səmərəsiz xərclənməsi kimi hallara da rast gəlinib ki, belə hallar üzrə maliyyə pozuntularının məbləği 1,5 milyon manat təşkil edib. Nəzarət tədbirlərinin nəticələri ilə bağlı zəruri addımların atılması məqsədilə 10 halda nəzarət obyektlərinə, eyni zamanda 7 halda onların yuxarı orqanlarına auditor hesabatları və kollegiya qərarları göndərilib. 2023-cü ilin İş Planına əsasən başa çatdırılmış nəzarət tədbirlərinin nəticələri Milli Məclisə təqdim olunub. 3 tədbir üzrə Nazirlər Kabinetinə, 3 tədbir üzrə aşkar edilmiş aidiyyəti nöqsanlarla əlaqədar səlahiyyətləri çərçivəsində tədbirlərin görülməsi məqsədilə, eləcə də öhdəliyə götürülməyən borcların ödənilməsi, maliyyə hesabatlarında müəyyən edilmiş təhriflər barədə Maliyyə Nazirliyinə, 1 tədbirlə əlaqədar müstəqil auditor tərəfindən audit edilmiş maliyyə hesabatları üzrə yol verilmiş nöqsanlar barədə Auditorlar Palatasına məlumat verilib.
Hesabat dövründə də əvvəlki illərdə başa çatdırılmış nəzarət tədbirlərinin nəticələri üzrə qurumlar tərəfindən atılmış addımların icrasının izlənilməsi (follow-up) diqqətdə saxlanılıb, əvvəlki illərin nəzarət tədbirləri üzrə dövlət vəsaitinin bərpa təklifi ilə bağlı qalan 25,5 milyon manatın 5,9 milyon manatının 2023-cü ilin ilk 6 ayında pul və əvəzləşdirmə formasında bərpası təmin edilib.