Bu, İrəvanın “yeni ərazi işğalı” planı idi – Ağar
Tovuz döyüşlərini, döyüş yoldaşlarının danışıqları əsasında general-mayor Polad Həşimovun və digər zabitlərimizin, əsgərlərimizin necə şəhid olmalarını hazırda üzərində işlədiyim kitabda ən xırda detalına kimi qələmə almışam. Hadisə erməni əsgərlərinin Ordumuzun iki postu arasında yerləşən, əvvəllər istifadə olunan posta sızma cəhdi ilə, yəni Azərbaycanın suveren ərazisinə girməsi ilə başladı. Bəs Ermənistan və arxasındakıların məqsədi nə idi?
Bu sözləri Tovuz döyüşlərinin tarixi əhəmiyyəti və çıxarılmalı dərslər haqqında danışan Türkiyənin terror və təhlükəsizlik üzrə eksperti Abdullah Ağar deyib.
Ağar qeyd edib ki, sözügedən ərazi çox böyük strateji əhəmiyyətə sahibdir:
“Məqsəd həmin strateji postları tutmaqla Azərbaycanın Kür-Araz ovalığından keçən dörd əsas can damarını ələ keçirmək idi. Bunlar Bakı-Tiflis-Ceyhan neft kəməri, TANAP qaz kəməri, Azərbaycanla Türkiyəni və Avropanı bir-birinə bağlayan beynəlxalq quru yolu və dəmir yolu xəttidir”.
Ağar Tovuz döyüşlərində qarşıdakı təhdidlərin üzə çıxdığını, nəticədə xalq və dövlətin birgə iradə nümayişi ilə həmin riskləri və 30 illik işğalı aradan qaldırdığını vurğulayıb:
“O zaman Ermənistan “yeni bir mərhələyə” başlamaq istəyirdi. Tovuz döyüşləri “Yeni torpaqlar üçün yeni müharibə” şüarının tərkib hissəsi idi. Ortada Azərbaycanın namusuna toxunma, yəni ölkənin suveren torpaqlarına təcavüz var idi. General-mayor Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin, gizir və əsgərlərimizin Tovuzda şəhid olması Azərbaycan xalqını qəzəbləndirdi, ayağa qaldırdı. Yaşanan hadisə, qarşıdakı təhdid və erməni siyasət və strategiyasının reallaşdırılma mərhələsinə keçməsi, can damarlarına qarşı təhlükə riskləri dövlətin prosesə yanaşmasını, paradiqmaları dəyişdirdi. Azərbaycan dövləti beynəlxalq hüquqa uyğun şəkildə öz tədbirlərini görməyə başladı. Yəni artıq müharibə qapıda idi və Azərbaycanın atdığı bütün addımlarda yanında Türkiyə vardı. Bu gün adına “mənəvi və siyasi dəstək” dediyimiz sözügedən mərhələ Qarabağ müharibəsində qələbəni təmin etdi. Tovuzda qarşıya çıxan təhdid, onun gerçəkliyi və buna bağlı şəkildə xalqın və dövlətin birgə iradə nümayişi qəti addıma çevrildi. Son nəticədə isə Azərbaycan İkinci Qarabağ müharibəsində qəhrəman oğul və qızlarının canı-qanı hesabına haqqı olan Şanlı Qələbəni təmin etdi”.