Rusiya Türkiyədən Qarabağda “əvəz” çıxacaq – Akyar
Öncə “Azov” batalyonuna qısa şəkildə tarixi perspektivdə baxmaq və məsələnin hüquqi tərəfinə nəzər yetirmək lazımdır.
Bu sözləri “Azov” komandirlərinin Ukraynaya verilməsi haqqında danışan Türkiyə Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, Şimali Kipr Türk Respublikasının Girnə Amerikan Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müəllimi Sadiq Akyar deyib.
Polkovnik batalyonun yaranma tarixindən bəhs edib:
“Azov” batalyonu 2014-cü ildə Rusiya Krımı işğal etdikdən sonra qurulan paramilitar qrupdur. Yəni tərkibində həm hərbçilər, həm də mülki insanlar var. Hazırda Ukraynanı dəstəkləyən bir sıra ölkələr batalyonu xüsusilə Donbas bölgəsində beynəlxalq humanitar hüquqa zidd olan fəaliyyətlərə görə tənqid edib. Kiyev 2018-ci ildə batalyonu Daxili İşlər Nazirliyinin nəzdindəki xüsusi bir idarənin tabeçiliyinə verdiyini açıqlayıb. Ancaq təbii ki, bütün ölkələrdə olduğu kimi, Ukraynada da müharibə başladıqdan sonra milli gücün bütün ünsürləri istifadə olunur. Müasir dünyada hibrid müharibənin əsas xüsusiyyəti budur. “Gerasimov doktrinası”nda da bu məsələ öz əksini tapıb”.
Akyar Ankaranın əsir mübadiləsi məsələsində də vasitəçi rolunu oynadığını, “Azov” komandirlərinin verilməsinin Ukraynaya jest ola biləcəyini qeyd edib:
“Bildiyimiz kimi, Türkiyə Ukrayna müharibəsinin əvvəlindən tərəflər arasında vasitəçi rolu oynayır. Bu da hazırki geosiyasi vəziyyətdə çoxtərəfli siyasətlə bağlıdır. Yenə ölkəmiz əsir mübadiləsi məsələsində vasitəçi və birbaşa iştirakçı olub. “Müharibə qurbanlarının müdafiəsi haqqında” 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyasına görə hərbi əsirlər Beynəlxalq Qırmızı Xaç Komitəsinin iştirakı ilə dəyişdirilir. Türkiyə də buna öz töhfəsini verib. Sözügedən sənədin 111-ci maddəsinə görə isə döyüşən tərəflərdən başqa digər dövlətlər hərbi əsirləri və s. qarşılıqlı müqavilələr əsasında öz ərazilərində saxlaya bilərlər. Buna görə Rusiya “Azov”un 5 komandirinin verilməsi ilə bağlı ölkəmizin əldə olunan razılaşmanı pozduğunu iddia edir. Ukrayna isə sözügedən konvensiyanın 117-ci maddəsini əsas gətirir. Bu maddə ilə müharibədə əsir düşən və sonra dəyişdirilərək öz ölkəsinə qaytarılan hərbçilərin yenidən döyüşlərə qatılması birmənalı şəkildə qadağan olunub. Rəsmi Kiyev Moskvanı qadağanı pozmaqda ittiham edir. Vladimir Zelenskinin Türkiyəyə son səfərində müdafiə sənayesi və iqtisadi sahədə əlaqələrin inkişaf etdirilməsinə dair çoxşaxəli müqavilə imzalandı. Ankaranın belə önəmli hadisə ilə bağlı Kiyevə jest etməsi də mümkündür. NATO-nun Vilnüs sammitinin və İsveçin üzvlük məsələsinin də prosesə təsiri ola bilər”.
Alim hərbi əsirlərin Kiyevə təhvil verilməsinin ümumi mənada əlaqələrə təsir göstərməyəcəyini, ancaq qarşılıq olaraq Rusiyanın Suriya və Qarabağda müəyyən addımlar atmağa cəhd etməsinin mümkün olduğunu bildirib:
“Rusiya “Azov” komandirlərinin Ukraynaya verilməsinin iqtisadi və s. münasibətlərə təsir göstərməyəcəyini, ancaq addımın yaxşı qarşılanmadığını bildirib. Yəqin ki, cənab Ərdoğanın İsveçin NATO üzvlüyünə razılıq verməsi münasibətləri bir az da gərginləşdirəcək. Ancaq Türkiyənin də özünə görə haqlı səbəbləri var və bunlar Ankaraya səfəri zamanı Putinin də nəzərinə çatdırılacaq. Eyni zamanda Vladimir Putinin Türkiyəni itirməmək üçün əlavə addımlar atması da gözləniləndir. Ölkələrimiz arasında münasibətlər pozulanda Rusiya hər zaman Suriya kartını irəli sürür. Məsələn, 2020-ci ilin əvvəllərində Türkiyə Liviyada ABŞ ilə birlikdə hərəkət etməyə başlayanda həmin ilin fevral ayında mənşəyi bəlli olmayan qırıcıların hücumu nəticəsində 34 nəfər hərbçimiz şəhid oldu. Yenə Suriyada hərəkətlənmələr ola və Rusiya Qarabağda Ermənistan lehinə addımlar atmağa çalışa bilər. Vilnüsdə İsveçin NATO-ya üzvlüyü hər nə qədər “Azov” komandirlərinin verilməsi məsələsini kölgədə qoysa da, Rusiya bununla bağlı hansısa addımlar atacaq. Türkiyə-Rusiya münasibətlərində problemli sahə yaransa da, ümumi mənada əlaqələr ciddi zədələnməyəcək. Çünki Türkiyə kimi güclü NATO ölkəsi ilə əlaqələr Rusiya üçün önəmlidir. Bu, Qərbə də sərf edir”.